Dövlət Komitəsində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

6 iyun 2023

Paylaş:

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Özbəkistan Respublikası Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentliyin direktoru Olloyerov Mansurbek Polvonzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş Azərbaycanın sosial siyasət sahəsi ilə tanışlıq və ikitərəfli münasibətlərin genişləndirilməsi məqsədi daşıyıb. Nümayəndə heyətinə Azərbaycanda ailə siyasətinin həyata keçirilməsi, eləcə də qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində son illər görülən işlər barədə ətraflı məlumat verilib, müvafiq istiqamətdə həyata keçirilən layihələr üzrə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin qədim köklərə malik olduğunu bildirib. Özbəkistanın Azərbaycanın haqlı mübarizəsində daim yanında olduğunu vurğulayan Komitə sədri, təməli illər öncə qoyulan müasir dostluq münasibətlərinin bu gün özünün ən yüksək inkişaf dövrünü yaşadığını söyləyib. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar müstəvisində görüşlər, Türk Dövlətləri Birliyi çərçivəsindəki əlaqələrin bu münasibətlərin intensivləşməsinə müsbət təsir göstərdiyini dilə gətirib.

Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən B.Muradova, dövlət ailə siyasətinin həyata keçirilməsi, qadın və uşaq hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması, erkən nikah, zorakılığa qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb, müvafiq dövlət proqramlarının həyata keçirildiyini, həmçinin Azərbaycan hökuməti və beynəlxalq təşkilatlar qarşısında hesabatların təqdim edildiyini bildirib. Hazırda Özbəkistanda aparılan sosial islahatları yüksək qiymətləndirən B.Muradova, Komitənin sözügedən sahədə əməkdaşlığa hazır olduğunu söyləyib.

Nümayəndə heyətinin rəhbəri Mansurbek Olloyerov ortaq dil, mədəniyyət və dəyərlərin ölkələrimizi bir-birinə bağladığını, xalqlarımız arasında qardaş münasibətlərin olduğunu diqqətə çatdırıb. Prezidentlərimiz arasında münasibətlərin ikitərəfli əlaqələrin genişlənməsinə təsirindən danışaraq, sosial əməkdaşlığın inkişaf etdirilməsinin, sosial islahatlar prosesində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, yenicə yaradılan Agentliyin gələcəkdə ailələr, qadınlar və uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi istiqamətində fəaliyyət göstərəcəyini və bu sahədə Azərbaycanda mövcud təcrübənin öyrənilməsinin önəmini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Milli Agentliyin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva, Azərbaycanın müvafiq sahədə fəaliyyətini yüksək qiymətləndirərək, bu təbrübəni öyrənməyin vacibliyini qeyd edib.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov, eləcə də Komitənin müvafiq şöbələrinin müdirləri iştirak ediblər. Özbəkistan nümayəndə heyəti tərkibində isə ölkənin Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov, Milli Agentliyin direktorunun müavini Muxtorxon Taşxodjayev, “Zamin” Fondunun icraiyyə komitəsinin rəhbəri Tamila Əliyeva, həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF-in) Özbəkistan üzrə nümayəndəliyinin rəhbəri Munir Məmmədzadə yer alıb.