Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlim keçirilib
Paylaş:
26 may 2023-cü il tarixində Göyçay rayonu Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Ucar və Ağdaş rayon İcra Hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlim keçirilib.
Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilən təlimin məqsədi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir.
Təlimdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbir iştirakçılarını salamlayaraq məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun əməkdaşı Tural Hüseynzadə tərəfindən “Məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətinin təhlili və hüquqi müstəvidə görülməli olan tədbirlər” mövzusunda təqdimat nümayiş etdirilib.
Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının sədrlərinin çıxışları dinlənilib.