“Ailə İnstitutunun inkişafında milli və ümumbəşəri dəyərlərinin rolu: milli və xarici təcrübə” mövzusunda Beynəlxalq Elmi-praktik konfrans keçirilib
Paylaş:
16 may 2023-cü il tarixində Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi nəzdində fəaliyyət göstərən Ailə və Qadın Komitəsinin və “Ailə və Qadın” Elmi-tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə 15 May Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə İnstitutunun inkişafında milli və ümumbəşəri dəyərlərinin rolu: milli və xarici təcrübə” mövzusunda Beynəlxalq Elmi-praktik konfrans keçirilib.
Konfransda Özbəkistan Respublikasının bir sıra dövlət qurumlarınının, Beynəlxalq təşkilatların (UNFPA,UNİCEF) nümayəndələri iştirak edib. Eyni zamanda konfransa onlayn formatda Azərbaycandan və bir neçə ölkədən aidiyyəti qurumların nümayəndələri də qoşulublar.
Çıxış edənlər dünyada baş verən qloballaşma proseslərinin ailə institutuna təsiri, ailənin uşağın inkişafında rolu, ailənin formalaşmasında dini dəyərlərin rolu, boşanmaların səbəbləri və digər məsələlərlə bağlı danışıblar.
Konfransda Azərbaycanı Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təmsil edib.
O, çıxışında müstəqil Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindən birinin məhz ailə siyasəti olduğunu qeyd edərək, ölkədə ailələrin rifahının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi dövlət proqramlarına diqqət çəkib. Həmçinin milli –mənəvi və ailə dəyərlərinin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi, məcburi köçkün və şəhid ailələrin problemlərinin həlli, uşaq hüquqlarının müdafiəsi, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə mütəmadi olaraq böyük layihələrin həyata keçirilməsini də xüsusi qeyd edib.