Dövlət Komitəsi və BMT QAK-ın Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb
Paylaş:
11 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəsi Bik Lumla görüşü keçirilib.
Qonaqları salamlayan Bahar Muradova ötən əsrin sonlarından etibarən Qarabağ münaqişəsinin ən çətin dövrlərində ölkəmizdə fəaliyyətə başlayan BMT-nin qaçqın və məcburi köçkünlərin həyatının yaxşılaşdırılmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Ölkə səviyyəsində anadan olmasının 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin Qarabağ münaqişəsi dövründə insanların ağır vəziyyətdən çıxmaları üçün çox böyük işlər ortaya qoyduğunu, onun Ermənistanın prezidenti ilə, bir çox ölkələrdən dövlət rəsmiləri, həmçinin ATƏT-in həmsədri olduğu ölkələrin müxtəlif səviyyəli nümayəndələri ilə çoxsaylı görüşlərə diqqət çəkərək, bu gün münaqişəni öz gücü ilə həll edən Azərbaycan xalqının Ümummilli lideri hər zaman minnətdarlıqla andığını qeyd edib.
Artıq azad edilən torpaqlara mərhələli qayıdış prosesinin başlandığını qeyd edən B. Muradova bu prosesdə mina təhlükəsi ilə üzləşən şəxslər, zorakılığa məruz qalan məcburi köçkün qadınlar və digər həssas qrupdan olan şəxslərlə işlər aparılarkən, BMT ilə əməkdaşlığın mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Bik Lum BMT-nin ölkəmizdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək, bu layihələrin Böyük Qayıdışa hazırlıq prosesində Azərbaycan hökumətinə dəstək göstərmək məqsədi daşıdığını qeyd edib.
Komitə ilə birgə əməkdaşlıq çərçivəsində minalarla bağlı məlumatlılığın artırılması, qadınların cəmiyyətdə gücləndirilməsi, məcburi köçkün qadınlara və Azərbaycanda vətəndaşsızlıq riski altında olan şəxslərə hüquqi yardımın göstərilməsi, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının bacarıqlarının artırılması kimi çoxsaylı fəaliyyət istiqamətləri olduğunu bildirib.
Görüş ikitərəfli əməkdaşlıqla bağlı prespektivlər və gələcəkdə mümkün layihələrin həyata keçirilməsi təşəbbüslərinin müzakirəsi ilə davam edib.
Görüşdə Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Aydan Seyidova və həmin şöbənin əməkdaşı Sevinc Məstiyeva iştirak ediblər.