“Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusuna dair II Bloger Müsabiqəsi elan edilir
Paylaş:
İctimaiyyət arasında ailə dəyərlərinin və gender bərabərliyinin təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender əsaslı və məişət zorakılığı halları ilə mübarizənin aparılması məqsədilə sosial şəbəkələrin potensialından istifadə etməklə cəmiyyətin düzgün istiqamətləndirilməsi bu gün əhəmiyyət kəsb edən məsələlərdəndir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, eləcə də blogerlərlə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Yuxarıda sadalanan mövzuların əhəmiyyətini nəzərə alaraq, Komitə tərəfindən 10 may 2023-cü il tarixindən etibarən sosial şəbəkə blogerləri arasında “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusu üzrə II Bloger Müsabiqəsi elan edilir.
Müsabiqənin məqsədi ailə dəyərlərinin, qadın və uşaq hüquqlarının sosial şəbəkələrdə təbliği, bu istiqamətdə ictimai fəal gənclər ilə əməkdaşlığın qurulması, zorakılıq, uşaq nikahları, insan alveri, narkomaniya və digər mənfi hallar ilə bağlı mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, görülən işlərlə bağlı məlumatların cəmiyyətə düzgün ötürülməsi, ailədaxili münasibətlərin tənzimlənməsində yeni innovativ imkanların təşviqidir.
Müsabiqənin yekununda maraqlı, maarifləndirici, fərqli kontent hazırlamaq və yaymaq, cəmiyyətə təsir imkanları və insanların etimad göstəricisinə görə, eyni zamanda mövzu ilə bağlı paylaşım statistikaları üzrə fəaliyyətləri Münsiflər heyəti tərəfindən qiymətləndirilən ən aktiv blogerlər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır. (I yer: Kubok və Noutbuk, II və III yer: Planşet və sertifikat) Digər 7 iştirakçıya isə həvəsləndirici hədiyyə və sertifikatlar təqdim ediləcəkdir.