“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Paylaş:
5 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova qalibləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
B.Muradova bildirib ki, Azərbaycanın bu gün şərəfli anlar, tarixi günlər yaşamasının səbəbi minillərlə ürəyində bəslədiyi müstəqil dövlət qurmaq arzusunun reallaşması və bu dövləti, bu reallığı günümüz faktına çevirən, dövlətimizin yaradıcısı Heydər Əliyev kimi Ümummilli Liderimizin olmasıdır. O, qeyd edib ki, dövlətimizə əsrlərlə təhdid törədən, Azərbaycan ərazisində gözü olan erməni faşizminin cilovlanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Ulu Öndər Heydər Əliyevin siyasi xəttini, inkişaf yolunu qətiyyətlə irəli aparan, uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çox mühüm rolu var.
Ulu Öndərin gənclərə aparıcı qüvvə kimi dəyər verdiyini, onlara diqqət və qayğı ilə yanaşdığını söyləyən Komitə sədri əlavə edib ki, Azərbaycanı gələcək uğurlara aparan təbəqə məhz gənclərdir. O, “Bu gün qarşımızda dayanan əsas vəzifələrdən biri də Ulu öndərin irsini gənc nəslin arasında təşviq və təbliğ etmək, onların bu irsə sahiblənməsi üçün lazım olan addımları atmaq və dünənimiz, bu günümüz və gələcəyimiz arasında körpü olan bu siyasəti günün tələblərinə uyğun yeniləmək,onu Azərbaycanın yeganə inkişaf yolu kimi hər zaman ayaqda saxlamaqdır”- deyə əlavə edib.
Qeyd edilib ki, Dövlət Komitəsi hər il davamlı olaraq Ulu Öndərin xatirəsinə həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsini keçirir və müsabiqə iştirakçıları bu irsin dərinliklərinə vardıqca nə qədər böyük bir sərvətə malik olduğumuzu dərk edirlər.
Mövzunun əhəmiyyətini vurğulayan B.Muradova bildirib ki, bu həm gənclərimizə və yazarlarımıza Ulu öndərin xidmətlərinə, həm də onun müəyyənləşdirdiyi siyasət vasitəsilə Azərbaycanın əldə etdiyi uğurlara işıq salmaq, dəyərləndirmək imkanı verir.
Çıxışının sonunda bir daha müsabiqədə iştirak edən hər kəsi təbrik edən B. Muradova bu yarışa qoşulmağın özünün elə qalibiyyət olduğunu qeyd edərək, iştirakçıların gələcək inkişafının daim Komitənin diqqət mərkəzində olacağını əlavə edib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi irsini əks etdirən film nümayiş etdirilib.
Davamında ictimai xadim, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor Dilarə Seyidzadə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ölkənin ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin ağır məsuliyyəti öz üzərinə götürərək, Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlardan danışan professor D.Seyidzadə, baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirib.
Xüsusilə vurğulanıb ki, Ulu öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi də gənclərə bir nümunə olmalıdır. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli və bunun üçün hər zaman inkişafa can atmalıdır. Çünki Ulu Öndər azərbaycanlı gənclərin hərtərəfli olmasına və onların bütün sahələrdə yetişdirilməsinə səy göstərirdi. Heydər Əliyev bilirdi ki, inkişaf etmiş gənclər müstəqil Azərbaycanın əsas sütunları olacaq.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, həmçinin müsabiqənin münsiflər heyətinin üzvü, yazıçı Tahir Məmmədov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olub. Ümummilli Liderin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilib. Daha sonra müsabiqənin nəticələrinə əsasən, gənc yazarlar arasında I yerin qalibi Beyləqan rayon Əli Rüstəmov adına 1-ci Şahsevən 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva, II yerin qalibi “Arazın səsi” qəzetinin məsul katibi Səriyyə Salahova, III yerin qalibi Rusiya Federasiyası Çerepovets Dövlət Universitetinin hüquqşünaslıq fakultəsinin II kurs tələbəsi Mülayim Hümmətova, məktəblilər arasında I yerin qalibi İsmayıllı rayon M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbin 11-ci sinif şagirdi Çilənay Babalı, II yerin qalibi Bakı şəhəri Xətai rayon 245 saylı tam orta məktəbin 7 b sinif şagirdi Leyla Aydınlı, III yerin qalibi Daşkəsən şəhər A.Mürsəlov adına tam orta Məktəbin IX sinif şagirdi Nərmin Məmmədzadə seçilib.
Növbəti 4 yer həvəsləndirici yazarlar arasında Mingəçevir şəhər 20№ tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsəd Əşrəfov, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin 10-ci sinif şagirdi Nəsimi Sadıqlı, Qax şəhər N.Allahverdiyev adına 2 saylı məktəb-liseyin 11A sinif şagirdi Toğrul Abdulla, Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin IX sinif şagirdi Familə Məmmədli diplom və hədiyyələrlə təltif olunublar.
Qaliblər sevinc hisslərini bölüşərək, müsabiqənin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Mövzunun aktuallığını qeyd edərək, bu cür müsabiqələrin keçirilməsinin gənclər arasında maraqla qarşılandığını vurğulayıblar.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, 30 mart - 25 aprel tarixində gənc yazarlar və məktəblilər arasında keçirilən “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 50-dən çox rayondan və Naxçıvan MR-dan 175 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilmişdir.