“Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda gənclərlə görüş keçirilib

3 may 2023

Paylaş:

3 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  deputat, Milli Məclis sədrinin 1-ci müavini, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə gənclərin görüşünü təşkil edib. “Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzulu görüş dialoq formatında keçib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, iştirakçıları salamlayıb və gənclərin əhatəsində olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın bu gün çox əhəmiyyətli və şərəfli bir dövr yaşadığını qeyd edən sədr,  müstəqil və qüdrətli dövlət qurmaq üçün yolun asan olmadığını bildirib: “Bütün çətinliklərə baxmayaraq, bu gün artıq öz yerləşdiyi regiondan bütün dünyaya parlaq günəş kimi işıq saçan bir Azərbaycan dövləti var”. O əlavə edib ki, əcdadlarımızdan bizə miras qalan Azərbaycan dövləti, yalnız 90-cı illərdə - Heydər Əliyevin şəxsində, onun rəhbərliyi ilə cümhuriyyət qurucularımızın ideyasından reallığa çevrildi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətini qurub, inkişaf etdirib gələcək nəsillərə, öz varislərinə bütöv bir halda təqdim etdiyini bildirən Komitə sədri, Ulu öndərin müəyyən etdiyi  siyasi yolla  ölkəmizin uğurdan-uğura addımlamaqda olduğunu  söyləyib. B.Muradova bildirib ki, bu dövləti qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çiçəklənmiş, hər bir kəsin rahat yaşaya biləcəyi cəmiyyətə malik, demokratik, suveren, qüdrətli bir Azərbaycan dövləti kimi təhvil vermək hər birimizin borcudur.

Komitə sədri qeyd edib ki, Azərbaycanda keçirilən Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirlərinin məqsədi müstəqil Azərbaycan dövləti üçün bütün ömrünü fəda edən insanı minnətdarlıq hissi ilə xatırlamaq, onun yoluna sadiq olduğumuzu bəyan etmək və bu siyasi yolu davam etdirən ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşmək və onun qətiyyətli mövqeyini müdafiə etməkdir.

Heydər Əliyevin zamanında dəstək və qayğı göstərdiyi gənclərin onun ətrafında bir yumruq kimi birləşdiyini və həyata keçirdiyi siyasətin bir parçasına çevrildiyini vurğulayan B. Muradova, belə qiymətli insanların inkişafın əsas hərəkətverici qüvvəsi, enerji və ideya mənbəyi, eyni zamanda gələcəyimiz olan gənclərlə görüşünün əhəmiyyətindən danışıb və sözü Parlamentin sədr müavini, millət vəkili Əli Hüseynliyə verib.

Gənclərlə görüş imkanına görə təşəkkürünü bildirən Əli Hüseynli, Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövrü hakimiyyəti dönəminin iştirakçısı kimi o zaman gəncliyin birmənalı olaraq, Ümummilli liderin yanında olduğunu dilə gətirib. Sovet İttifaqının parçalandığı çətin və gərgin dövrlərdən söz açan deputat, müstəqilliyimizin bərpası prosesində xalqla H.Əliyev arasında süni maneələrin yaradıldığını, onun siyasi bürodan kənarlaşdırılaraq ölkədə  baş verən hadisələrədən uzaqda saxlandığını qeyd edib. Ölkəmizin yaşadığı çətin dövrlərinə mərhələli şəkildə ekskurs edən Ə.Hüseynli, 20 Yanvar faciəsi ilə bağlı tarixi faktları diqqətə çatdırıb, bilinən yanlışlardan danışıb. Azərbaycanda yaşanan siyasi böhran zamanı Heydər Əliyevin hakimiyyətə qayıdışından söz açan millət vəkili, onun bir rəhbər kimi siyasi bacarığı, geniş dünya görüşü, zəngin tarixi bilikləri ilə bağlı fikirlərini bölüşüb.  

Daha sonra deputat gənclər təşkilatlarının nümayəndələrinin Heydər Əliyevin siyasi irsi, ölkəyə rəhbərliyi etdiyi tarixi dövr, dövlətçiliyimiz və müstəqillik tariximiz suallarını cavablandırıb, bugünkü siyasi vəziyyət və Qarabağa qayıdışla bağlı müzakirə aparılıb. Sonda xatirə fotosu çəkdirilib.