Komitənin təşkilatçılığı ilə keçirilən “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın qalibləri mükafatlandırıldı
Paylaş:
Tədbirdən öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın məzarı ziyarət edilib, abidələri önünə əklil qoyulub.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Davamında Ulu Öndər Heydər Əliyevin uşaqlara olan qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.
Komitə sədri Bahar Muradova qonaqları salamlayaraq, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər sırasında uşaqların iştirakı ilə keçirilən tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O diqqətə çatdırıb ki, bu il həm də Ümummilli liderin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin də qeyd olunması baxımından dəyərlidir.
Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi üçün gördüyü böyük işlərdən danışan B.Muradova vurğulayıb ki, Ulu öndərin xalqı və dövləti qarşısındakı xidmətlərini heç bir zaman unutmamalı, onun bizə verdiyi tövsiyələri yerinə yetirməliyik: “Ulu Öndər Heydər Əliyev deyirdi ki, dövlətin gördüyü işlər yalnız bu günlər üçün deyil. Gələcək nəsillər bu prosesi davam etdirməlidir. Siz yaxşı oxumalı, rayonun və məktəbin ictimai həyatında iştirak etməli, çatışmazlıqların aradan qaldırılmasında öz imkanlarınız çərçivəsində töhfə verməli, milli-mənəvi dəyərlərimizi yaxşı öyrənməli və həyatınızı bunun üzərində qurmalısınız”- deyə o əlavə edib.
Ölkədə uşaq hüquqlarının qorunması üçün qəbul edilən qanunlardan bəhs edən sədr bildirib ki, bu qanunların icrası üçün mexanizmlər də yaradılıb. O, bildirib ki, Dövlət Komitəsi də bu mexanizmlərdən biri kimi uşaq hüquqlarının qorunması, onların inkişafı və bütün sahələrdə təmsilçiliyini təmin etmək üçün lazımi addımlar atır.
Uşaqların hər birinin yarışmada fəal olacağına inamını ifadə edən B.Muradova, iştirak edən hər kəsə uğurlar arzu edib: “Bu gün bir qisminiz özünü məğlub olmuş hiss edəcək, amma bu məglubiyyət deyil, bu yarışmada iştirak etməyin özü belə qalibiyyətdir və növbəti hədəflərə sizi hazırlayan nəticədir. Bu baxımdan burada iştirak edənlərin hamısını qalib hesab edirəm”.
Tədbir komandaların qalibiyyət uğrunda mübarizəsi ilə davam edib.
Yarışın yekun nəticələrinə görə, I yerin qalibi və kubokun sahibi Xətai rayonunu təmsil edən komanda olub.
Yasamal rayonunu təmsil edən komanda II yerin, Binəqədi rayonunu təmsil edən komanda isə III yerin sahibi olub.
Yarışın qalibləri Komitə tərəfindən diplomlar, kubok və xatirə hədiyyələri ilə təltif olunublar.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Komitənin təşəbbüsü ilə təşkil edilmiş “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışda hər komandada 5 iştirakçı olmaqla 12 rayon (Bakı) üzrə ümumilikdə 158 komanda iştirak etmiş, onlar arasından qalib gəlmiş komandalar final turunda iştirak etmək hüququ qazanmışdır.