Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkələrdə aktiv səhifələri olan bir qrup gənclə görüşüb
Paylaş:
20 aprel 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkələrdə aktiv səhifələri olan bir qrup gənclə görüşüb.
Dövlət Komitəsinin 2021-2023-cü illəri əhatə edən Kommunikasiya Strategiyası və Sosial Media Siyasəti sənədinin müvafiq bəndlərinin icrası istiqamətində, növbəti tədbir kimi təşkil edilən görüşün keçirilməsində məqsəd sosial şəbəkələrdə aktivliyi ilə seçilən blogerlərlə əməkdaşlığın gücləndirilməsi, təşkil edilən tədbirlərdə onların iştirakının təmin edilməsi, aparılan maarifləndirmə tədbirlərinə blogerlərin cəlb edilməsi ilə daha geniş auditoriyanın insan hüquqları haqqında məlumatlandırılmasıdır.
Qonaqları salamlayan B. Muradova vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və influenserlərlə əməkdaşlığın Komitənin fəaliyyətində mühüm yer tutduğunu diqqətə çatdırıb. Cəmiyyət üçün önəmli olan ailə dəyərlərinin təbliği, sağlam və güclü ailələrin formalaşdırılması, qadın və uşaqların zorakılıqsız və təhlükəsiz həyatının təmin edilməsinin cəmiyyət üçün vacib məsələlərdən olduğunu qeyd edib.
Blogerlərlə əməkdaşlıq çərçivəsində ötən il Komitə tərəfindən təşkil edilən görüş və müsabiqələrə diqqət çəkən B. Muradova bu il də influensərlər arasında ikinci dəfə elan ediləcək müsabiqə haqqında məlumat verib.
O, çıxışının yekununda blogerlərə çağırış edərək, qadın və uşaq hüquqlarını əhatə edən məsələlərlə bağlı cəmiyyətin məlumatlandırılması, vacib sosial mesajların çatdırılması üçün vahid bir “hashtag”ın yaradılması təşəbbüsünü irəli sürərək, əməkdaşlığın effektivliyi, əlaqəli koordinasiya üçün təşkilatlanaraq, ümumi şəbəkənin yaradılması ilə bağlı təkliflərini diqqətə çatdırıb.
Daha sonra görüşdə iştirak edən sosial aktiv gənclər görüş təşəbbüsünə görə təşəkkürlərini bildirirək, mövzu ilə əlaqədar təklif və fikirlərini səsləndiriblər.
Görüş çərçivəsində iştirakçılara “Qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsipləri”ni əks etdirən maarifləndirici vəsaitlər paylanılıb.
Qeyd edək ki, görüşdə 35 nəfər bloger iştirak edib.