Akademik Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə “Elmdə qadınlar” adlı konfrans keçirilib

18 aprel 2023

Paylaş:

18 aprel 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Naxçıvan şəhərində “Elmdə qadınlar” adlı konfrans keçirilib.

         Öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, Ulu öndərin uşaqlıq və gənclik illərini, həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib.

          Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfrans başlayıb. Ulu öndər Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbir görkəmli akademikə həsr olunmuş filmin nümayişi ilə davam edib. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, AMEA-nın vitse prezidenti, biologiya elmləri doktoru, professor İradə Hüseynova çıxış ediblər. Daha sonra digər çıxışlar dinlənilib.

Konfransın davamında Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri, eləcə də təhsildə nailiyyətləri ilə seçilən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə qızları mükafatlandırılıb.

          Bədii hissədə uşaqlar kompozisiya ilə çıxış edib, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları dahi şəxsiyyətlərin Zərifə Əliyeva haqqında fikirlərini səsləndirib. Tədbir Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin ifası ilə davam edib.