Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bəyanatı

16 aprel 2023

Paylaş:

15 aprel, 2023-cü il tarixində Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılması və tədbirdə iştirak edən ermənilər tərəfindən bu hərəkətin alqışlanması bu ölkədə Azərbaycana qarşı mövcud olan düşmənçilik münasibətinin və nifrət ruhunun bariz nümunəsidir.

Bu hadisə Ermənistanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını ortaya qoymaqla yanaşı, beynəlxalq müqavilələrin və konvensiyaların tələblərinin bu ölkə tərəfindən dəfələrlə pozulmasını, humanist və ümumbəşəri dəyərlərə olan laqeyd münasibətini bir daha dünya ictimaiyyətinə göstərdi.

Tərkibində qadın idmançıların da olduğu ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Ermənistanda təhlükəsizliyin təmin edilmədiyi və açıq nifrətin mövcud olduğu bir şəraitdə yarışmayacaqları nəzərə alınaraq, idmançılarımızın Vətənə qayıtmaları barədə qərar qəbul edilmişdir.

Çünki sülh, birlik və dostluq rəmzi olan idmanın irqi ayrı-seçkiliyə alət edilməsi, Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi, məsuliyyətsiz münasibəti birbaşa beynəlxalq hüququn tələblərinin pozulması deməkdir.

Bu cür davranışın cəzasız qalması isə daha ağır nəticələrə və bu kimi əməllərin təşviq olunmasına gətirib çıxara bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyəti və beynəlxalq idman təşkilatlarını Ermənistanın bütün beynəlxalq norma və prinsiplərə zidd olan hərəkətlərinə biganə qalmamağa, milli nifrət ruhunda əməlləri təbliğ edən bir ölkədə dünya səviyyəli yarışların keçirilməsinə məhdudiyyət qoyulmasına və digər müvafiq addımları atmağa çağırırıq.