Bakıda ikinci “Uşaq Kitab Festivalı” keçirilir

8 aprel 2023

Paylaş:

8 aprel 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü ilə ikinci “Uşaq Kitab Festivalı” keçirilir.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən ANAİB-in sədri, Hədəf qrupun qurucu direktoru Şəmil Sadiq iştirakçıları salamlayıb. O, bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən nəşriyyatların bir çoxu ANAİB-in üzvüdür. Təşkilatın “Bölgələrə kitabla gedirik” şüarı ilə bu yola çıxdığını qeyd edən Ş.Sadiq əlavə edib ki, artıq bölgələrimizdə kitab tanıtımına başlamışıq: ”Düşünürəm ki, mütaliə edən, özünü inkişaf etdirmək istəyən uşaqlar yetişdirsək ölkəmizin işıqlı gələcəyinə töhfə vermiş olarıq. Ölkəmizdə belə bir sərgi təşkil etməklə uşaqlarımızın kitaba olan sevgisini daha da artırmış oluruq. Bu bizim prioritetlərimizdəndir. Ötənilki festivalda təqribən 20 minə yaxın insan iştirak etmişdisə, bu il bu rəqəmi biz 50 minə çatdırmaq niyyətindəyik. Qarşıdakı illərdə bu festivalı beynəlxalq festival etməyi hədəfləyirik”.

Festivada çıxış edən Komitə sədri Bahar Muradova təşkilatçılardan biri kimi festivalda iştirakından qürur duyduğunu dilə gətirib. Kitablarla dost olmağın gələcəyə gedən yolumuzu asanlaşdıracağını bildirən sədr, keçirilən festivalı bu işə ən gözəl dəstəkçi kimi qiymətləndirib. O, ötən il keçirilən festivalı xatırlayaraq, bu il də böyük izdihamla qarşılandığını söyləyib.

Festivalın digər təşkilatçılarına, xüsusilə də təşəbbüskarı olan Şəmil bəyə təşəkkürünü bildirən B.Muradova, ölkə miqyasında kitab işinin təşviqinə, nəşriyyatların birliyini yaradaraq, nəşriyyat işinin inkişafına, kitabla cəmiyyət arasındakı münasibətin rəvan olmasına yönələn şərəfli bir yolun önündə getdiyini vurğulayıb.

Festivalda daha çox uşaqların iştirak etdiyinə diqqət çəkən Komitə sədri, hər bir iştirakçını yalnız bir dəyərin: kitab və ona sevginin birləşdirdiyini söyləyib: “Qəlbində bu sevgi olan hər kəs vətəni, dövləti və xalqı üçün yararlı bir insandır, cəmiyyətə töhfə verən vətəndaşdır. Belə insanların formalaşmasına dəstək verdiyimiz üçün özümü xoşbəxt hiss edirəm. Uşaqlara qoyulan kapital gələcəyimizə qoyulan kapitaldır. Kitaba qoyulan vəsait, cəmiyyətə qoyulan vəsaitdir”.

Çıxışının davamında o, festivalın növbəti illərdə təşkilatçı sayının daha da artacağına, dövlət qurumları ilə yanaşı bir çox özəl şirkət və biznes subyektlərinin bu işə dəstək verəcəyinə inamını ifadə edib.

Festivalın “Heydər Əliyev ili” çərçivəsində keçirildiyinə diqqət çəkən və Ümummilli lideri böyük ehtiramla yad edən B.Muradova, Heydər Əliyevin dövlət və cəmiyyət qarşısında misilsiz xidmətlərindən bəhs edib, onun ən böyük xidmətinin də öz timsalında kitaba, kitab işinə sevgi və hörməti təlqin etməsi olduğunu vurğulayıb. Çıxışının sonunda dövlətimizin ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad edib, qazilərə şəfa diləyib, belə övladlar yetişdirən ailələrə, valideynlərə təşəkkür edib. O, bu gün festivalda kitab alaraq, onu oxumağa tələsən uşaqların içərisindən gələcəyin qəhrəmanlarının yetişəcəyinə inandığını söyləyərək fikirlərinə yekun vurub.

İnsanın ən yaxın və sadiq dostunun kitab olduğunu söyləyən millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, insanın kitabla bilikləndiyini, savadlandığını, müdrikləşdiyini, mənəviyyatının zənginləşdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin "bizim gələcəyimiz uşaqlarımıza və gənclərimizə nəyi, necə öyrətməyimizdən çox asılı olacaq" fikrini xatırlayan millət vəkili, Ulu öndərin fikirlərinə ən gözəl örnəyin bu festival olduğunu qeyd edib.

Sosial medianın, video-kontentlərin uşaqların prioritetinə çevrildiyi bir zamanda uşaqlara kitabı sevdirən belə faydalı tədbirin təşkilatçılarına, xüsusilə də ANAİB-ə təşəkkürünü bildirən Q.Paşayeva, növbəti illərdə festivalın daha böyük coşqu və həyəcanla keçiriləcəyinə inamını ifadə edib.

Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək, kitaba marağın azalma tendensiyasının yaşandığı bir dövrdə belə festivalların keçirilməsini əhəmiyyətini vurğulayıb və və gələcək illərdə də belə sərgilərin keçirilməsinin davamlı olmasını arzulayıb.

Çıxış edən Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov tədbirin təşkilinə görə təşəkkürünü bildirərək, bu cür kitab sərgilərinin mütaliə mədəniyyətinin təbliği baxımından əhəmiyyətini qeyd edib.

Uşaqların asudə vaxtının səmərəliliyinin təmin edilməsində, onların dünyagörüşünün artmasında, zehni inkişafın gücləndirməsində kitabın üstünlüklərindən bəhs edən E. Nəsibov əlavə edib ki, kitaba marağı artırmaq istiqamətində ən yaxşı tərəfdaşımız məhz valideynlər olmalıdır.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli son dövrlərdə Mədəniyyət Nazirliyinin kitab sahəsində gördüyü uğurlu siyasət, kitabxana və nəşriyyatların fəaliyyət perspektivləri ilə bağlı aparılan islahatlar, həyata keçirilən layihələr barədə məlumat verib.

Nazirlik tərəfindən keçirilən kitab sərgilərinə diqqət çəkən A. Marifli bildirib ki, cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək məqsədilə keçirilən bu sərgilər kitab sənayesi sahəsidə dönüş nöqtəsi olub.

Sonda hər kəsi kitab oxumağa dəvət edən A. Marifli qeyd edib ki, Mədəniyyət Nazirliyinin son illərdə həyata keçirdiyi mütaliə maraq layihələri gələcəkdə də ardıcıl şəkildə davam edəcəkdir.

Festival uşaqların ifasında müsiqilərin səsləndirilməsi ilə davam edib. ​

Qeyd edək ki, 4 gün davam edəcək Festival çərçivəsində hər gün 14 panel olmaqla, ümumilikdə 56 panel təşkil olunacaq. Festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, təqdimatlar, imza mərasimləri, master-klaslar, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar nümayiş etdiriləcək.