“Uşaqların doğulanadək cins seçiminə YOX deyək ” mövzusu üzrə görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzi (İSİM), Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Xəzər rayonu Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Binəqədi rayonu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbə və müəllim heyətinin iştirakı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda görüşlər keçirilib.
4-5 aprel 2023-cü il tarixlərində baş tutan görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva “Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” adlı təqdimatla çıxış edərək, cins seçiminə görə hamiləliyin süni surətdə pozulması halları, cinsə görə verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması və ailələrdə doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya uyğunlaşdırılması haqqında məlumat verib. Eyni zamanda bu istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər və beynəlxalq təcrübə barədə məlumatları diqqətə çatdırıb
Sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova iştirakçılara reproduktiv sağlamlıq haqqında danışaraq, hamiləliyin süni yol ilə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirləri, eləcə də ailə planlaşdırması barədə məlumatları qeyd edib.
Görüşlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, “Gender bərabərliyi ana bətnindən başlayır!” adlı çap vəsaiti paylanılıb.
Qeyd edək ki, görüşlərdən 174 nəfər tələbə və müəllim heyəti faydalanıb.