Bahar Muradova Venesuela Bolivar Respublikasının səfiri ilə görüşüb

13 mart 2023

Paylaş:

13 mart 2023-cü il tarixində Dövlət Komitəsinin sədri Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşü baş tutub.

Qonaqları salamlayan Bahar Muradova görüş təşəbbüsünə görə təşəkkürünü bildirib.

İki ölkə arasında son illər yüksələn xəttlə inkişaf edən əlaqələrdən bəhs edən sədr, Qoşulmama Hərəkatına Azərbaycanın daxil olması və bu Hərəkata rəhbərliyi də Venesueladan almasının bu prosesdə çox önəmli rol oynadığını söyləyib. O, Hərəkatın son illər müxtəlif platformalarının yaranması və əhəmiyyətinin artmasında öncə Venesuelanın, son illərdə isə Azərbaycanın rolundan bəhs edib, həmçinin bu fəaliyyətlərin prosesə böyük töhfə verdiyini vurğulayıb.

B.Muradova Hərəkatın Parlament Platformasının yaranmasının əhəmiyyətini qeyd edib və beynəlxalq münasibətlərin qurulmasının ölkələri birləşdirən dəyərlər ətrafında əməkdaşlığı da istisna etmədiyini bildirib. Əlavə edib ki, buna görə biz prezidentlərimizin başlatdığı yaxınlaşma siyasətini davam etdirməli və əməkdaşlığın uyğun formalarını tapmalıyıq.

Gender bərabərliyindən söz açan sədr, müstəqillik qazandıqdan sonra Azərbaycanın bu sahədə böyük yol qət etdiyini dilə gətirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, Venesuela və Azərbaycan arasındakı hazırkı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib. Qoşulmama hərəkatına diqqət çəkən səfir Kristofer Alberto Martinez Berroteran, hər iki ölkənin öz müvəqqəti sədrliyi müddətində bu Hərəkatın möhkəmlənməsinə böyük töhfələr verdiyini bildirib, həmçinin Qoşulmama Hərəkatının yeni sferalarında Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirib.

Dövlət quruculuğu və idarəetmədə qadınların fəal təmsilçiliyindən danışan səfir qeyd edib ki, 20 ildən artıqdır ki, ölkədə qadınlar kişilərlə bərabər müstəqilliyin qorunub saxlanması üçün fəaliyyət göstərir.

Ölkəsinin qadın və uşaq hüquqları ilə bağlı son dövrdə qəbul etdiyi çoxsaylı qanunvericilik sənədlərindən bəhs edən K.A.M. Berroteran əlavə edib ki, qəbul edilmiş bu qanunlar həmçinin dəyərlərin qorunmasına, gənc nəslin və ailələrin formalaşmasına da töhfə verəcək. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşün davamında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və gələcəkdə mümkün əməkdaşlıq layihələrindən bəhs edilib.