Çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilmə proseduru ilə bağlı təlimlər keçirilib
Paylaş:
24, 27 fevral və 3, 6 mart 2023-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət qurumlarının nümayəndələri üçün “Çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilmə proseduru” mövzusunda onlayn təlimlər keçirilib.
Təlim “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2022-ci il, 1599 nömrəli Fərmanına əsasən qurumlararası işin icra mexanizminin gücləndirilməsi məqsədilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaq hüquqlarının müdafiəsi sahəsində qarşıya çıxan mühüm məsələlərdən bəhs edib, həmçinin çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisinə yerləşdirilməsi sahəsində qurumlararası işin koordinasiyasınnın gücləndirilməsinin vacibliyini qeyd edib. Ekspert qismində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri Samir Hüseynov və Əhməd Mansurov mövzu üzrə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Təlimlərdə yerli icra hakimiyyətləri yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri, Daxili İşlər Nazirliyinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Xidmət əməkdaşları, eləcə də, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri iştirak edib