“Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib
Paylaş:
7 Mart 2023-cü il tarixində Azərbaycanda “Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.
Dövlət qurumları, diplomatik korpus, qadın və gender təşkilatları, hökumət rəsmiləri, beynəlxalq tərəfdaşlar, digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, qadın liderliyi və qadınların siyasi, iqtisadi, sosial və mədəni məsələlərdə qərarların qəbul edilməsi proseslərində təmsilçiliyi müzakirə edilib.
FemACT Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova Azərbaycanda “Qadın Gündəliyi”nin müəyyən edilməsi üzrə Milli Dialoq Prosesinin yaradılması məqsədi haqqında məlumat verib. Platformanın təqdimat mərasiminin Qadınlar Gününə həsr edilməsini xüsusi qeyd edən P. Məmmədova deyib ki, qeyri-hökumət təşkilatları, gender məsələləri üzrə ekspertlər, qadın koporativləri, icma əsaslı lider və kənd qadınlarının iştirakı ilə formalaşmış Platformanın tərkibində doqquz işçi qrupu yaradılıb.
O, Azərbaycanda gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi və inkişafı üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin səyləri nəticəsində 1 ildən artıqdır ki, “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının yaranması ilə bağlı çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. P. Məmmədova bildirib ki, konsolidasiya edilmiş sənəd gender sahəsi üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında dialoqun başlanması ilə qadınların cəmiyyətin bütün sahələri üzrə faydalı iştirakçılığını stimullaşdıracaq.
Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova salamlama nitqi ilə çıxış edərək, qadınların öz hüquqlarını əldə etmək, bu hüquqlardan istifadə etmək və onun nəticəsində qazanılan nailiyyətlərini qeyd etmək baxımından yaranan Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.
B.Muradova qeyd edib ki, bizim bütün istiqamətlərdə fəaliyyətimiz insana, onun mənafeyinə, təhlükəsizliyinə yönəlsə də, imkanlarımız onları bundan məhrum edən səbəblərin aradan qaldırılmasına yönəlir.
Şanlı qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini bildirən sədr, münaqişə dövründə hüquqları pozulmuş qadın və uşaqların ailələri ilə birgə öz yurd-yuvalarına qayıtmaları üçün genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib. O, Azərbaycanın bütün qanunvericiliyində mükəmməl şəkildə təsbit olunan hüquqların imkanlara və nəticələrə çevrilməsi istiqamətində həyata keçirilən çalışmaların səmərə verəcəyinə inamını ifadə edib.
İctimai sektorun bu təşəbbüsünün hökumət tərəfindən alqışlandığını vurğulayan Komitə sədri, yalnız kollektiv olaraq səyləri birləşdirməklə problemlərin həllini tapacağını və gözlənilən nəticələr əldə etməyin mümkün olduğunu bildirib. O, “Biz qaldırılan bütün məsələləri, həm problemləri, həm çətinlikləri həm də vacib istiqamətləri nəzərə alaraq birlikdə aradan qaldırmağa çalışacağıq”-deyə əlavə edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan dövləti olaraq, siyasətimizdə hər zaman qadınlarımızın rolunun, onların fəaliyyətinin daha da genişləndirilməsini rəhbər tutmuşuq. Azərbaycan qanunvericiliyində qadın hüquqları tam şəkildə təsbit olunubdur, hər hansı ayrı-seçkiliyə yol verilməməsinə dair müddəalar təsdiq olunubdur. O qeyd edib ki, ötən il nazirlik tərəfindən 30 mindən çox qadına aktiv məşğulluq tədbirləri təqdim edilib ki, buraya həm işədüzəltmə, həm özünüməşğulluq proqramı, peşə hazırlığı proqramı, ictimai işlər proqramı və digər müxtəlif proqramlar daxildir.
S. Babayev bildirib ki, qadınların əmək bazarında iştirakının artırılması üçün peşə hazırlığının genişləndirilməsi, qadın sahibkarlığının genişləndirilməsi və özünüməşğulluq proqramının təşviqatının aparılması üçün beynəlxalq tərəfdaşlarla birlikdə layihələr icra olunmuşdur. Paralel olaraq sosial müdafiə sahəsində qadınların hüquqlarının daha da geniş təmin olunması üçün işlər görülmüşdür. Son 4 ildə ölkə başçısının təşəbbüsü ilə 4 sosial islahat paketi həyata keçirilmişdir.
Elm və təhsil nazirinin müavini İdris İsayev gender bərabərliyinin təmin olunmasının beynəlxalq gündəliyə daxil edilmiş bir məsələ kimi həm də ölkəmizin qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərindən birini təşkil etdiyini qeyd edib. Nazir müavini əlavə edib ki, bu istiqamətdə hər bir dövlət, o cümlədən Azərbaycan dayanıqlı və sistemli tədbirlər həyata keçirir. O, təhsilin gündəlikdə nəzərdə tutulan məsələlərin həllində ən vacib və həlledici məqam olduğunu bildirib və ölkəmizdə təhsildə qadın və kişilərin hüquqlarının bərabər olduğunu söyləyib.
İ.Rzayev təhsil pilləsi artıqca qadınların iştirak göstəricisinin də artdığını qeyd edib və qadınların təhsildə iştirakçılığı ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. Qadın gündəliyinə daxil edilən gender əsaslı büdcə bəndindən söz açaraq, ilk dəfə olaraq, Elm və Təhsil Nazirliyinin peşə təhsili sahəsində bu təcrübənin tətbiqinə başladığını vurğulayıb və gələcəkdə digər təşkilat və qurumların da bu təşəbbüsə qoşulacağına inamını ifadə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev birgə tədbirlər sayəsində cəmiyyəti narahat edən zorakılıq hadisələrinin qarşısının alınması istiqamətində çevik və operativ fəaliyyət həyata keçirildiyini bildirib. O, maarifləndirmə tədbirlərinin regionlarda da gücləndirilməsinin vacibliyini vurğulayaraq, qeyd edib ki, qadın hüquqlarının qorunması bütün cəmiyyətin işidir. Qadın məsələləri milli yox, bəşəri məsələdir və bütün dünya ölkələri üçün aktualdır.
Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Obe, Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizame, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentson gender bərabərliyinin qlobal gündəlikdə olan məsələ olduğunu vurğulayaraq, hər kəsi qadınların fundamental hüquqlarının qorunması və onların fəaliyyətinin dəstəklənməsi naminə səyləri birləşdirməyə çağırıblar.
BP-nin Azərbaybaycan, Gürcüstan, Türkiyə regionu və Rusiya üzrə insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti Elnarə Məmmədova təmsil etdiyi qurumun fəaliyyətində qadınların roluna verilən qiymət və dəstəyi vurğulayıb.
Tədbir “Azərbaycanda Qadın Gündəliyinin əsas priotitetləri və tövsiyələri” mövzusu üzrə panel müzakirələrlə davam edib.