“İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib

28 fevral 2023

Paylaş:

28 fevral 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib. Tədbir vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin ictimai proseslərində iştirakının təşviqi, eyni zamanda onların bu istiqamətdə fəallığının gücləndirilməsi məqsədi ilə baş tutub.

Konfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra müxtəlif istiqamətlərdə inkişaf özünü göstərməkdədir. O, vurğulayıb ki, bu gün Azərbaycan bütün insanlar, xalqlar, millətlər, və azlıqlar üçün bir çağırış olan ərazi məsələləri üzrə separatçılığa, həmçinin ərazi bölücülüyünə yönəlmiş layihələrin qarşısını almaq istiqamətində özünəməxsus bir nümunəni ortaya qoyduğu günləri yaşayır.

Azərbaycanın xalqının multikultural dəyərlərə sahib bir xalq olduğuna diqqət çəkən B.Muradova bildirib ki, biz bu coğrafiyada yaşayan bütün insanlara, etnik, milli kəsimə zənginlik kimi baxmışıq və bir-birinin dəyərlərinə hörmət ruhunda yaşamışıq.

Azərbaycanın regionda və dünyada tanınan bir dövlətə çevrilməsinin ilkin əsaslarının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən sədr bildirib ki, Azərbaycanı Ulu öndər yolu ilə inkişaf etdirmək siyasətinin davamçıları olaraq, bu gün ölkə Prezidenti cənab İlham Əliyev və onu dəstəkləyən xalqın bütün təbəqələri, siyasi və etnik tərkibi ilə birlikdə bu siyasətin varisi kimi çıxış edir.

Azərbaycanın müstəqilliyi və əldə etdiyi nailiyyətlərdə vətəndaş cəmiyyəti institutlarının roluna diqqət çəkən sədr bildirib ki, vətəndaş cəmiyyəti ölkəmizin bugünkü həyatı üçün təhlükə yarada biləcək məsələlərə qarşı hər zaman öz səslərini qaldırmış, bu sahədə qadınların kişilərlə bərabər həm dövlət quruculuğunda, həm də əldə etdiyimiz nailiyyətlərin müdafiəsində yaxından iştirak ediblər.

Komitə sədri, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının təsis olunması münasibətilə keçirilən mərasimdə hər kəsin qarşısına vacib hədəflər və məqsədlər qoyduğunu bildirib, bu layihənin o torpağın əsl sahiblərinin öz yurdlarına qaytarılması istiqamətində kifayət qədər vacib olduğunu qeyd edib.

Konfransa moderatorluq edən Milli Məclisin deputatı Sevil Mikayılova, iştirakçıları salamlayaraq, konfransın işinə uğur arzulayıb. Millət vəkili, konfransda Ali Baş Komandan İlham Əliyevin milli maraqlara uyğun olaraq müəyyən etdiyi böyük qayıdışa dair strateji planlara nəzər salaraq, perspektivlərin müəyyən ediləcəyini, bu proseslərdə Azərbaycan qadınının rolundan bəhs olunacağını bildirib.

Daha sonra çıxışlar dinlənilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, milli qayıdış zamanı qarşıda duran yeni vəzifələrin həyata keçirilməsində qadınların rolundan bəhs edib. O, tarixə qısa ekskurs edərək, Zəngəzurun etnoqrafik təsvirini verib, toponimlərin milli identikliyini diqqətə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Qərbi Azərbaycanın tarixi memarlıq irsi mövzusuna toxunaraq, bu torpaqlarda tarixən mövcud mədəni irsimizin müxtəlif dövrlərdə mərhələlərlə dağıdılması proseslərindən danışıb. Uzun illər aparılan bu dağıdıcılıq siyasətinə baxmayaraq, hazırda bu bölgədə hələ də Azərbaycan tarixi abidələrənin mövcudluğunun bizim bu torpaqlara bağlılığımızın simvolu olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni xüsusi vurğulayaraq, Azərbaycanın ən yeni tarixində növbəti parlaq səhifələrdən birinin davamı kimi Qərbi Azərbaycana qayıdış uğrunda aparcağımız sülhməramlı qayıdış konsepsiyasının olduğunu qeyd edib. M. İbrahimqızı, cənab Prezidentin 24 dekabrda çıxış edərkən səsləndirdiyi fikirlərə diqqət çəkərək bildirib ki, dövlət başçısının dediyi hər bir söz bizim üçün ən böyük yol xəritəsi, yolumuza tutulmuş bir işıqdır.

Bu istiqamətdə vətəndaş cəmiyyəti qurucularının mühüm xidmətlərini qeyd edən M. İbrahimqızı hər bir qeyri-hökumət təşkilatı nümayəndəsinin öz imkanları çərçivəsində Qarabağ həqiqətlərinin bütün dünyaya tanıdılmasında göstərdikləri fəallığı, Qərbi Azərbaycana qayıdış üçün atılacaq addımlarda da göstərəcəklərinə əminliyini ifadə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Orta dəhliz: regionda sülh” mövzusunda çıxışı zamanı iqtisadi və ictimai həyatda narrativlərin əhəmiyyətinə diqqət çəkib. O, regionda gedən sülh proseslərində ölkəmizin iştirakından söz açaraq, Azərbaycanın coğrafiyanın çətinliklərini üstünlüyə çevirə bildiyini, tarixi üstünlüyü əldə edə bildiyini vurğulayıb.

Çıxışlar dinlənildikdən sonra mövzular ətrafında müzakirə aparılıb.

Tədbirə yekun vuran Bahar Muradova, Azərbaycanın bütövlüyü uğrunda canından keçən oğulların ruhu, onları yetişdirən anaların qarşısında baş əydiyini söyləyib. Sonda bütün çıxışçılara təşəkkürünü bildirən sədr, hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.