Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

24 fevral 2023

Paylaş:

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti qurumların dəstəyi ilə mərkəzlərdə və təhsil müəssisələrində silsilə anım tədbirləri keçirilib.

Tədbirlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, şəhid ailəsi üzvləri, Xocalı sakinləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivi, mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımını xalqımız və gələcək nəsillər heç vaxt unutmayacaq. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət həyata keçirilib, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində genişmiqyaslı işlər görülüb, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb. Xüsusilə vurğulanıb ki, 44 gün sürən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbə ilə həm doğma torpaqlarımız işğaldan azad edilib, həm də şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qisası alınıb.

Xocalı sakinləri də çıxış edərək, həmin tarixlə bağlı xatirələrini bölüşüblər. Eyni zamanda məktəblilərin ifasında vətənpərvərlik mövzularında şeirlər səsləndirilib, bədii kompozisiyalar təqdim olunub, rəsm əsərlərindən ibarət sərgilər nümayiş etdirilib, rayonlarda olan Şəhidlər Xiyabanları ziyarət edilib.

İsmayıllı rayonunda xalça fabrikində keçirilən tədbirdə uşaqlar “Biz səni unutmadıq-unutdurmarıq, Xocalı” adlı kompozisiya ətrafında çıxış edərək xalçalara “Xocalı” adına ilmə vurub, xalça önündə “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Tədbirlərdə, ümumilikdə, 755 nəfər iştirak edib.

Qeyd edək ki, bu istiqamətdə keçirilən tədbirlər uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsində xüsusi əhəmiyyət kəsb edir.