Xocalı soyqırımı qurbanlarını dərin hüznlə yad edirik!

25 fevral 2023

Paylaş:

Tariximizin ən dəhşətli səhifəsi olan, 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər azərbaycanlının amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımından 31 il ötür.

Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış aqressiv və təcavüzkar erməni siyasəti nəticəsində törədilən Xocalı genosidi XX əsrin faciəsi kimi tarixin səhifələrinə yazılıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüş, 487 sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Bütün bunlar, erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyirdi: "Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.

Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilmişdir. Ulu Öndərin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi, faciə qurbanlarının xatirəsinin yad edilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasının həyata keçirdiyi məqsədyönlü işlər nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. 18 dövlətin milli qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul etmişdir.

Xocalı qurbanlarının qanı yerdə qalmadı, Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Azərbaycan tarixi ədaləti öz gücünə bərpa etdi. Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə Vətən müharibəsinə qalxdı, rəşadətli Azərbaycan Ordusu döyüşə səfərəbər oldu və şanlı qələbə ilə əzəli torpaqlarımızı işğaldan azad etdi.

Azərbaycan xalqı Xocalı faciəsini heç bir zaman unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.