Dövlət Komitəsinin sədri Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşüb
Paylaş:
24 fevral 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ilə görüşü baş tutub.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova görüş təşəbbüsü üçün minnətdarlığını bildirib, xanım səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib.
B.Muradova iki ölkə arasında müxtəlif sahələr üzrə qurulan qarşılıqlı, faydalı münasibətlərin bu gün də davam etdiyini diqqətə çatdırıb. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən sədr qeyd edib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi, bu siyasətin reallaşdırılaşdırılması üçün səlahiyyəti olan qurumlar arasında işin əlaqələndirilməsi, həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər gündəliyimizin əsas bəndlərini təşkil edir.
Həm bir sıra beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrin səfirlikləri ilə tərəfdaş olduğumuzu vurğulayan sədr, Dövlət Komitəsinin xüsusilə BMT-nin müvafiq təşkilatları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Ötən il Azərbaycan Hökumətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında CEDAW Konvensiyası üzrə altıncı dövri hesabatının və bu ilin yanvar ayında BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdim edildiyini qeyd edən Komitə sədri əlavə edib ki, hər iki təqdimat yüksək səviyyədə qəbul edilib və verilən tövsiyələr gələcək hədəflərimizə uyğundur.
Hazırda işğaldan azad olmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söz açan B.Muradova, Azərbaycanın müharibədən zərərçəkmiş əhalinin çətinliklərinin aradan qaldırılması, onların təhlükəsiz şəraitdə torpaqlarına qayıtması və dinc yaşayışının təmin edilməsi məqsədilə sülh quruculuğuna xüsusi önəm verdiyini bildirib. O, işğaldan azad edilmiş torpaqlarda mina təhlükəsinin hələ də qaldığını qeyd edərək, bunun əhalinin öz yurd-yuvalarına qaytarılması prosesinin həyata keçirilməsinə maneə törətdiyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, iki ölkə arasındakı əməkdaşlığın bundan sonra daha da yüksələn xəttlə inkişaf edəcəyinə inamını ifadə edib. Fəaliyyətinin əsas prioritetlərindən birinin məhz qadın hüquqlarının müdafiəsi sahəsi olduğunu qeyd edən səfir Ann Buayon, Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirib və fəaliyyət istiqamətləri üzrə birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib.
Hələ 1918-ci ildə Azərbaycanın qadına ilk seçki hüququ verən ölkələr sırasında olduğunu, bu gün də ən müasir ölkələrdən biri kimi tanındığını bildirən A.Buayon, qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunmasında Azərbaycanın böyük nəticələr əldə edəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Görüşün davamında qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə istiqamətində birgə əməkdaşlıqla bağlı müzakirə aparılıb, gələcək perspektivlərindən danışılıb.
Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, həmçinin Fransa səfirliyinin nümayəndəsi Eve Seye də iştirak edib.