Dövlət Komitəsində 2022-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

9 fevral 2023

Paylaş:

9 fevral 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda kollegiya üzvləri, Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorları, İctimai şura üzvləri iştirak edib.

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin, eləcə də qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət sahəsində əldə edilən uğurlara, qəbul edilən qərarlara, milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələrə diqqət çəkib. Sədr, Azərbaycanın həyata keçirilən iqtisadi, siyasi və regional münasibətlər zəmnində vəzifələrin öhdəsindən layiqincə gəldiyini, növbəti dəfə ili uğurla və nailiyyətlərlə başa vurduğunu qeyd edib. 

O, vurğulayıb ki, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir. Sədr, bu istiqamətdə fəaliyyəti daha sistemli həyata keçirmək məqsədilə qəbul edilən Böyük Qayıdışa dair I Dövlət Proqramında bütün dövlət orqanlarının, eləcə də Komitənin üzərinə düşən vəzifələrin öz əksini tapdığını əlavə edib. Ölkəmizdə həyata keçirilən dinamik inkişaf siyasəti nəticəsində müharibədən sonra keçən 2 il ərzində ictimai-siyasi sabitliyin əldə edildiyini, vətəndaş həmrəyliyinin təmin olunduğunu söyləyib.

Daha sonra kollegiyanın müzakirəsinə  4 məsələ təqdim edilib.

Sədr Bahar Muradova, Komitənin 2022-ci ildə fəaliyyətinin yekunlarına dair məlumatla çıxış edərək, digər sahələrdə olduğu kimi, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində də mühüm işlərin görüldüyünü qeyd edib.

Ailə, qadın və uşaq məsələləri sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, eyni zamanda həyata keçirilən tədbir və layihələr haqqında məlumat verən Komitə sədri, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə işlərindən, hazırlanan təhlillərdən bəhs edib və əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. Beynəlxalq əməkdaşlıqdan söz açan B.Muradova, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Dövlət Komitəsi tərəfindən altıncı dövri hesabatın uğurla təqdim olunması haqqında məlumat verərək, hesabatın yüksək qiymətləndirildiyini vurğulayıb. Eləcə də Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında imzalanmış Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planının müvafiq sahədə qarşılıqlı təcrübə mübadiləsinə dəstək göstərəcəyini qeyd edib.

 Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətinə toxunan B. Muradova, mərkəzlərdə göstərilən xidmətlər, eləcə də reallaşdırılan layihələr, icma daxilində həyata keçirilən tədbirlər barədə söz açıb. O, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən regional qəbullar, eləcə də Komitəyə daxil olan müraciətlərin nəticələrinə dair məlumatlar haqqında danışıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlətin ailə, qadın və uşaq siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. O, qeyd edib ki, ötən il ərzində də ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası daim diqqətdə saxlanılıb. R.Seyidova, cari ildə qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə,“Heydər Əliyev ili”ndə daha da səmərəli, məzmunca daha faydalı işlərin görüləcəyinə inamını ifadə edib.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, ilin birinci yarısı üçün iş planı, qarşıda duran vəzifələrə, keçiriləcək layihə və tədbirlərə dair məlumatları diqqətə çatdırıb.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı qurumun tədbirlər planı, həyata keçirilməsi nəzərdə tutulan konfrans və görüşlər barədə söz açıb.

Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya”sının icrasına dair Azərbaycan Hökumətinin beşinci və altıncı birgə dövri məruzəsinin yekun nəticələri barədə çıxış edib.

Məruzələrdən sonra müzakirə aparılıb. Fikir bildirən ictimai şura üzvləri Sahib Məmmədov və Əliməmməd Nuriyev, təqdim olunan hesabatın geniş və strukturlaşmış olduğunu diqqətə çatdırıblar. Komitənin fəaliyyəti, eləcə də vətəndaş cəmiyyəti ilə əməkdaşlığına dair təklif və tövsiyələrini səsləndiriblər.

 Kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.

Yekunda Bahar Muradova, Dövlət Komitəsi tərəfindən cari il ərzində də mühüm tədbirlərin davam etdiriləcəyinə, gələcək fəaliyyətin daha uğurlu olacağına inandığını bildirib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə illik hesabatı

Azərbaycan Respublikası Ailə, Qadın və  Uşaq Problemləri üzrə  Dövlət  Komitəsinin 2022-ci il üzrə HESABATI