“Sağlam həyat naminə erkən nikaha YOX deyək!”
Paylaş:
Aprelin 2-də Qaradağ rayonu Qobustan qəsəbəbsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbiri olub. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbir iştirakçılarını salamlayaraq, bu mövzunun aktuallığını qeyd etdi. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Aynur Sofiyeva ailə dəyərlərindən, ailə institutunun rolundan və dövlətimizin bu məsələlərə verdiyi önəmdən bəhs etdi. O, bildirdi ki, Azərbaycan dövlətinin, möhtərəm Prezident cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi dövlət siyasəti öz müsbət nəticələrini verir. Lakin, əfsuslar olsun ki, bəzi problemlər hələ də qalmaqdadır. Bunlardan biri də erkən nikah və uşaqların, xüsusilə qızların təhsildən yayınma hallarıdır. Əhalinin, o cümlədən, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilmə işinin daha da gücləndirilməsinə ehtiyac vardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova erkən nikahlar və onların yaratdığı fəsadlarla bağlı mövcud vəziyyət haqqında məlumat verdi.
Tədbirdə Qaradağ Rayon prokurorun köməkçisi Elnur Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiyasının məsul katibi Firidun Hüseynov, Din xadimi Hacı Qaraoğlan Həsənov, 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim ginekoloqu Rəna Ağayeva, 195 saylı Tam Orta Məktəbin Psixoloqu Elnarə Nuriyeva çıxış edərək, daha çox problemin yaratdığı fəsadlardan danışdılar. Görüşdə mövzu ilə bağlı ətraflı müzakirələr aparıldı. Tədbirin sonunda iştirakçılara Komitənin çap məhsulları təqdim olunub.