Lanzarote Konvensiyasına əsasən qanunvericiliyə edilən əlavə və dəyişikliklər haqqında məlumat

3 fevral 2023

Paylaş:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası) tələblərinə uyğun olaraq, uşaqları cinsi istismardan və cinsi zorakılıqdan müdafiə etmək məqsədi ilə 27 dekabr 2022-ci il tarixində imzalanmış Prezident Fərmanına əsasən müvafiq qanunvericilik aktlarına əlavə və dəyişiklik edilib.

Əlavə və dəyişikliklər milli qanunvericilikdə qabaqlayıcı tədbirlərin, qurbanlara yardım və mülki, cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələləri əhatə edib.

Həmçinin sənəddə istismar qurbanlarına hüquqi yardım formaları və qaydaları, belə hadisələrin öyrənilməsi və maarifləndirmə işinin aparılması ilə əlaqədar məqamlar da öz əksini tapıb.

Bununla yanaşı, Cinayət və Cinayət-Prosessual Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilib, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyaları sərtləşdirilib.

Eyni zamanda Konvensiyanın tələblərinə uyğun olaraq, son zamanlar sosial şəbəkələrdə tez-tez rast gəlinən azyaşlılara qarşı seksual xarakterli təqib hallarının kriminallaşdırılması məqsədi ilə Cinayət Məcəlləsinə yeni maddə  əlavə edilib. Maddəyə əsasən seksual xarakterli məqsədlərlə uşaqları təqib edən şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

 Qeyd edək ki, Lanzarote Konvensiyası, ölkəmizdə 2019-cu il oktyabrın 22–də ratifikasiya edilib.

https://president.az/az/articles/view/58783