Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəliklərinin yaradılmasına başlanılıb

26 yanvar 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2022-ci ilin dekabr ayından etibarən pilot layihə olaraq ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəliklərinin yaradılmasına başlanılıb.

İlk olaraq 15-22 dekabr tarixlərində Bakı şəhəri Heydər Əliyev adına liseydə namizədlərin onlayn anketlərinin qəbulu, 25-27 dekabr tarixlərində namizədlərin şagirdlərə tanıdılması – təşviqat mərhələsi baş tutub. Yekun olaraq Heydər Əliyev adına liseydə 28 dekabr tarixində keçirilmiş gizli səsvermə nəticəsində Uşaq Səfirlər Məclisinin təhsil müəssisəsi üzrə nümayəndələri seçilib.

Pilot layihənin təşkil edildiyi növbəti təhsil müəssisəsi S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası olmuşdur ki, burada da 5-13 yanvar 2023-cü il tarixlərində namizədlərin onlayn anketlərinin qəbulu, 19-23 yanvar tarixlərində namizədlərin şagirdlərə tanıdılması – təşviqat mərhələsi baş tutmuş, 24 yanvar tarixində S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçirilmiş gizli səsvermə Uşaq Səfirlər Məclisinin təhsil müəssisəsi üzrə nümayəndələri seçilib.

Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə nümayəndəliklərinin yaradılmasının əsas məqsədi uşaq hüquqlarının mudafiəsi istiqamətində onların fəallığının artırılması, uşaqlarda idarəetmə və liderlik mədəniyyətinin, müstəqil özünü ifadə etmə səriştələrinin formalaşdırılması, uşaqların marağına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, onların ictimai fəallığının artırılmasıdır.