Uşaqları təhlükəli oyunlardan qoruyaq!

26 yanvar 2023

Paylaş:

Bu gün internet  həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Lakin faydalı və müsbət xüsusiyyətləri ilə yanaşı, internetin təhlükələri də az deyil. Bu mövzu uşaqlar üçün xüsusilə aktualdır. Uşaqların beynəlxalq şəbəkədə oyun oynayaraq, böyüklərdən daha çox vaxt keçirdiyini nəzərə alaraq, TƏHLÜKƏLİ OYUNLAR  mövzusuna toxunmaq istərdik.

Təhlükəli oyunların yaş təsnifatının +3 və +12 arası dəyişdiyini nəzərə alsaq, əsas hədəf kütlənin 6-17 yaş uşaqlar və gənclər olduğunu deyə bilərik. Məqsəd isə uşaqların sağlam inkişafını əngəlləmək, beyinlərini qəzəb, zorakılıq, nifrətlə doldurmaq, aqressiya və can almağa təşviq etmək, nəticədə onların ədalətsiz, empatiya hissindən uzaq, məsələlərin həlli yolu kimi zorakılıq və şiddəti seçən, ağır psixoloji problemləri olan asosial toplum formalaşdırmasına çalışmaqdır.

Ailədə ünsiyyət çatışmazlığı, sevgisizlik, qeyri-sağlam ailə mühiti görən uşaqların təhlükəli oyunların “əsirinə” çevrilmək riski daha böyükdür. Belə uşaqlar real həyatda edə bilmədiklərini oyunlar vasitəsilə əldə edə bilir və emosional boşluğu bununla doldurmağa çalışırlar. Nəticədə asılılıq, aludəlik yaranır. Bu isə fiziki sağlamlığın pozulması (göz və onurğa sistemi xəstəlikləri)  ilə yanaşı, aqressiya, zorakılığa meyllilik, özünəinamsızlıq, psixoloji problemlər, şəxsiyyət pozuntuları, hətta intihara belə səbəb ola bilər.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda uşaqların (0-17 yaş) ümumi sayı 2 milyon 634,6 min nəfər təşkil edib ki, bunun 1 milyon 766,5 min nəfəri 6-17 yaş arası olanlardır. Bu təxminən ölkə əhalisinin 1/5 hissəsi deməkdir və qeyd olunan məsələ ilə bağlı risk qrupudur. Təhlükənin ciddiliyini nəzərə alaraq, dövlət bu məsələni daim diqqətdə saxlayır və bu məqsədlə 30 oktyabr 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib, 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib.

Uşaqların bu təhlükələrdən müdafiəsi baxımından ən böyük məsuliyyət isə əlbəttə ki, valideynlərin üzərinə düşür. Bunu nəzərə alaraq, Dövlət Komitəsi valideynlərə müraciət edir və tövsiyələrini təqdim edir:

 

Nələrə diqqət etməli?

Əgər övladınız:

  • saatlarla telefon və internetdə vaxt keçirir;
  • ünsiyyətdən qaçır, sizinlə vaxt keçirmək istəmir;
  • son zamanlar özünəqapanıb, evdən çıxmaq istəmirsə;
  • qorxu və həyəcanı varsa;
  • kefsiz və qəmgin görünürsə;
  • qəfildən əsəbilik və aqressivlik nümayiş etdirirsə;
  •  iştahı kəsilmiş, yuxu rejimi pozulubsa;
  • özünə zərər verir və bədənində buna dair izlər varsa – bunun səbəbi təhlükəli oyunlar ola bilər.

 

Tövsiyələr

Övladlarınıza gözəl və sağlam gələcək vermək istəyirsinizsə, bu mövzuya daha həssas yanaşmalısınız:

  • Uşaqları diqqətdən kənar qoymaq olmaz. Onların sağlam inkişafı hər şeydən önəmlidir və normal psixoloji, emosional və zehni inkişafının təmin oluması üçün hər iki valideyn çalışmalı və buna səy göstərməlidir;
  • Asudə vaxtın təşkili ən vacib məqamdır. Uşaqları bacardıqca telefon, planşet və digər elektronik cihazlardan uzaq tutmağa çalışmaq, daha çox müxtəlif məşğuliyyətlərə, xüsusilə də yaradıcılıq və idman məşğələlərinə yönləndirmək lazımdır. Faydalı tərəflərini təlqin edərək, bu vasitələrdən asılılığın olmamasına şərait yaradılmalıdır.
  • Hər hansı təhlükəli oyuna marağının yarandığını gördükdə, zərərləri izah edilməli, daha faydalı bir oyunla və ya məşğuliyyətlə əvəzləməsi tövsiyə olunmalıdır. Fayda verməzsə, filter proqramlarından (məsələn, kidssafe.az proqramı), valideyn nəzarət funksiyalarından istifadə etmək gərəkdir. İnternet təhlükəsizliyi mütəxəssisinə, eləcə də psixoloqa müraciət edə bilərsiniz.
  • Ona qarşı diqqəti artırın, nə ilə məşğul olduğu, kiminlə dostluq etdiyi və internetdə nə ilə məşğul olduğu ilə maraqlanın.
  • Sizinlə bu barədə danışmaq istəmirsə, yaxın bildiyi doğmanızla danışmasını təmin edin. Bu da mümkün olmazsa, mütəxəssis dəstəyindən yararlanmağa çalışın.
  • Yaşına uyğun oyunları birlikdə seçin. Gündəlik limit qoyun, müəyyən müddət ərzində telefon və kompüter qarşısında vaxt keçirməyə icazə verin.
  • Telefon və kompüter kodları mütləq sizdə də olsun.  
  • Ziyarət etdiyi saytlar, izlədiyi videolar, oynadığı oyunlar barədə məlumatlı olmağa çalışın. Bunları birlikdə müzakirə edin. Canlı nümunələr çəkərək onları bu təhlüklərdən xəbərdar edin və uzaq olmağa çalışın.
  • Hisslərini anlamaq üçün tez-tez səmimi söhbət edin və maraqlarını mövzuları müəyyən edin, yönləndirməyə çalışın.

      Təhlükəli oyunlar