Bahar Muradovanın Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumatla çıxışı

20 dekabr 2022

Paylaş:

20 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumatla çıxış edib.

Bahar Muradova, çıxışında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci ildə görülən işlərdən danışarkən, ötən ilin xalqımızın tarixinə Vətən müharibəsindən sonra hərtərəfli bərpa və quruculuq işlərinə start verilməsi mərhələsi kimi daxil olduğunu qeyd edib.  “Böyük Qayıdışa dair Dövlət  Proqramı” çərçivəsində həyata keçiriləcək genişmiqyaslı layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına şərait yaradacağını söyləyib. Bildirib ki, Laçın İcma Resurs Mərkəzinin, Füzuli və Zəngilanda ailə mərkəzlərinin yaradılması planı ərazilərə qayıdacaq soydaşlarımızın diqqət və qayğı ilə əhatə olunmasına xidmət edəcək.

Komitə sədri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi tərəfindən 2022-ci ildə Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı üzrə təqdim edilmiş Yekun müşahidələrində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əldə olunan tərəqqini, gender bərabərliyinin təşviqi sahəsində irəliləyişləri qeyd edib. Bildirilib ki, 2021-ci ildə Dövlət Komitəsi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşviq edilən təkliflərdən biri  atalar üçün ödənişsiz məzuniyyət hüququnun müəyyən edilməsi olub. Digər məsələ qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxmaq və bununla əlaqədar normaların beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı olub və bununla əlaqədar olaraq Əmək Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olunub.

Bahar Muradova diqqətə çatdırıb ki, 2021-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə yönəlik zəruri alət və mexanizmlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Regionlarda Uşaq Ailə Dəstək Mərkəzlərinin yaradılması diqqətdə saxlanılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

Bildirilib ki, hesabat dövründə Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyəti şaxələndirilmiş, onların təşkilatçılığı ilə beynəlxalq qurumlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları, müxtəlif mövzularda təlim kursları və maarifləndirmə işləri həyata keçirilib. Yerlərdə qadınların seçkili orqanlarda təmşilçiliyini gücləndirmək üçün 2021-ci ildə bələdiyyələrdə yaradılmış Gender komissiyalarının nümayəndələri üçün müxtəlif mövzularda təlimlər keçirilib. Ötən il Qadın Resurs Mərkəzlərinin fəaliyyəti daha da genişləndirilib,  Göyçay və Tovuz rayonlarında yeni Qadın Resurs Mərkəzləri, Füzuli, Tərtər və Ağcabədi rayonlarında isə İcma Resurs Mərkəzləri yaradılıb.

Qeyd olunub ki, hesabat dövründə Dövlət Komitəsi media və İKT resurslarında  fəaliyyətini daha da genişləndirib. “Valideyn nəzarəti və internet təhlükəsizliyi” resursunun fəaliyyəti bərpa edilib. Komitənin veb səhifəsində  “Məişət zorakılığı” adlı xüsusi bölmə yaradılıb və “860” saylı qaynar xətti əlavə edilib. Bununla yanaşı, ötən il beynəlxalq və yerli tərəfdaşlarla birgə çoxsaylı layihələr icra edilib, seminarlar, təlimlər, onlayn görüş və vebinarlar keçirilib.

Komitə sədri hesabat ilində dövlət orqanları tərəfindən məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlərin “Milli Fəaliyyət Planı”na uyğun aparıldığını söyləyib, bir sıra rəqəmləri səsləndirib. O, məişət zorakılığı ilə mübarizə sahəsində işlərin gücləndirilməsi məqsədilə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbəsinin fəaliyyətə başladığını deyib. Bahar Muradova  təhsildən yayınma hallarının qarşısının alınması sahəsində görülmüş tədbirlərdən, cins seçimi məsələsinin aktuallığından da danışıb.

Bildirilib ki, gender bərabərliyi baxımından qanunverici, icra, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarında, habelə sosial, diplomatik, aqrar, iqtisadi və digər sahələrdə müsbət və sabit tendensiyalar mövcuddur. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumata görə, test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupu üzrə bölgüsündə əsasən qadın namizədlərin yüksək nəticə əldə etdikləri müşahidə olunur. Müsahibələrdə uğur əldə edən və təyinat alan şəxslər arasında 18-24 yaş qrupu üzrə qadınların irəlidə olduğu göstərilir. Bu göstəricilər ali məktəbləri bitirən qadınların dövlət qulluğuna marağının artmasını, kişilərlə qadınlara bərabər imkanların yaradılmasını nümayiş etdirir. Ümumilikdə isə əldə olunan nəticələrə əsasən, əvvəlki illərə nisbətən dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların rolunda və iştirakında artım müşahidə olunur.

Bahar Muradova gender bərabərliyinin təmin edilməsinin davamlı inkişaf üçün zəruri olduğunu da qeyd edib. O, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayının qadınların sayına nisbətən çox olduğunu, işsizliyin səviyyəsinin qadınlar arasında 58%, kişilər arasında 42% təşkil etdiyini deyib. Komitə sədri kişilərlə qadınların orta aylıq əmək haqları arasındakı fərqin azaldığını, bu istiqamətdə irəliləyiş olduğunu söyləyib. O, müxtəlif fəaliyyət növləri üzrə sahibkarların gender bölgüsü ilə bağlı göstəriciləri səsləndirib. Komitə sədri elm və təhsil sahəsində qadınların rolu, iştirakı və üstün təmsilçiliyindən danışıb, kişilərlə bərabər qadınların da təhsilin bütün pillələrində fəal iştirakını təqdir edib.

O, bildirib ki, ölkədə gender bərabərliyinin təmin olunması sahəsində dövlətin vəzifələrinin   icrasına təsir göstərən amillərdən biri də siyasi partiyaların, QHT-lərin və Həmkarlar ittifaqlarının üzərinə qoyulan öhdəliklərə münasibətdir. Milli Məclis tərəfindən cari ildə  qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanun qadınların siyasi müstəvidə daha fəal olmalarını təmin edəcək.

Komitə sədri qeyd edib ki, 2021-ci il üzrə məlumatların təhlili belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda gender bərabərliyi sahəsində müsbət tendensiyalar formalaşmağa başlayıb və bəzi hallarda bu trendlər qlobal göstəriciləri üstələyir. O, gender bərabərliyinin təmin edilməsi sahəsində proseslərin dinamikasına impuls vermək üçün mövcud boşluqların aradan qaldırılması və ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu söyləyib, bununla bağlı təklifləri səsləndirib.

Çıxışın tam mətni:

Bahar Muradovanın Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumatla çıxışı

Gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumat:

Gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumat

Gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumat (təqdimat)