“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadın Qaynar Xətti”nin fəaliyyəti ilə bağlı görüş keçirilib

8 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azercell Telekom” MMC və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Bilriyinin dəstəklədiyi “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri açıqlanıb.

Gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, “Azercell Telekom” MMC-nin və “Ümidli Gələcək” STİB-nin rəsmi nümayəndələrinin iştirakı ilə həyata keçən görüşdə ölkəmizdə bu istiqamətdə görülən tədbirlər barədə məlumat verilib, bu istiqamətdə maarifləndirilmənin vacibliyi vurğulanıb.

Zorakılıqla mübarizə tədbirlərinə dəstək məqsədilə Azercell-in təşəbbüsü ilə cari ilin avqust ayında yaradılan “Qadın Dəstək Xətti”nin ilkin fəaliyyət nəticələri də görüş zamanı təhlil edilib. Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Dəstək Xəttinə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 aralığındadır.

Qeyd edək ki, “Qadın Dəstək Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara günün istənilən saatında xidmət göstərir. Dəstək Xəttinə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.