Dövlət Komitəsinin əməkdaşları İspaniyada səfərdə olub
Paylaş:
Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdiyi “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” proqramı çərçivəsində Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin İspaniyanın Madrid şəhərinə təlim səfəri baş tutub.
Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında qabaqcıl təcrübələrlə tanış olmaq məqsədilə təşkil olunan səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Vəfa Ələkbərova və Aytəkin Hacıyeva iştirak ediblər.
3 gün davam edən təlim səfəri çərçivəsində iştirakçılar İspaniyanın Bərabərlik Nazirliyində, Məişət və Gender əsaslı zorakılığa dair Dövlət Observatoriyasında, Gender əsaslı zorakılıq üzrə ixtisaslaşmış məhkəmədə, Daxili İşlər Nazirliyinin tabeliyindəki Ailə və qadın mərkəzində, Koordinasiya və Araşdırmalar üzrə Baş idarəsində, Təhlükəsizlik üzrə Dövlət katibliyində, həmçinin “Cometa” idarəetmə və “016 Çağrı mərkəzlərində görüşlər keçiriblər.
Görüşlər zamanı həmin qurumların səlahiyyətli nümayəndələri gender əsaslı zorakılığın qarşısının alınması və ona qarşı mübarizəyə dair İspaniya təcrübəsi, bununla bağlı ixtisaslaşmış məhkəmə, vətəndaş cəmiyyəti və çağrı mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumat veriblər.