“Ailə Akademiyası” layihəsinə start verildi

8 aprel 2017

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verildi.

Layihənin Binəqədi rayonu üzrə açılış tədbiri 7 aprel 2017-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının binasında keçirildib.

Tədbirdən öncə tədbir iştirakçıları ailə dəyərlərini özündə ehtiva edən foto-sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Binəqədi rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib. Aynur Sofiyeva çıxışı zamanı bildirdi ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib.
“Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan söhbət açan Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır.

Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin İnzibati Nəzarət İdarəsinin əməkdaşı
Hafiz Əliyev tədbirin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Hafiz Əliyev  bu istiqamətdə maarifləndirmə layihələrinin gənc nəslin sağlam ruhda yetişməsində mühüm rola malik olduğunu bildirib.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Çıxış edən AMEA-nınFəlsəfə və Hüquq İnstitutunun Politologiya və Siyasi Sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini qeyd edərək,  gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin  aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

“Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova layihənin əhəmiyyətini xüsusi qeyd edərək, maarifləndirmə işində  bələdiyyələri fəal olmağa çağırıb.

Məruzələr ətrafında din xadimi, Heydər məscidinin axundu Rüfət Qarayev, fəal gənc Sona Quliyeva, rayon ziyalısı Aslan  Mehdiyev “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan bəhs ediblər.

Rayon Ağsaqqallar Şurasının üzvü, rayon ziyalısı Aslan Mehdiyev çıxışını bitirdikdən sonra həyat yoldaşı ilə birlikdə tədbirdə iştirak edən gənc ailəyə  (YAP üzvü gənc ailə – Şaiq Qəhrəmanov və İradə Haqverdiyeva) tövsiyələrini bildirərək, onlara simvolik hədiyyələr -milli geyimlərimizin əsas komponentlərindən olan papaq və kəlağayı təqdim ediblər.

Tədbirin sonunda yekun sözlə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva tədbirin təşkilinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.  Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini qeyd edən Aygün Əliyeva ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib. Aygün Əliyeva “Ailə Akademiyası” layihəsinin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbə bələdiyyəsinin “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırlanan təlimə baxış keçirilib.

Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

GL8A0404GL8A0427GL8A0565