Yerli icra hakimiyyətlərində gender bərabərliyi

28 noyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri kimi icra hakimiyyəti başçılarının müavinləri üçün təlimlər keçirir.

28-29 noyabr 2022-ci il tarixlərində “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təşkil edilən təlimlərdə gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərsizliyinin səbəbləri və aradan qaldırılması yolları, qlobal trendlər, genderə həssas yanaşma, gender indikatorları və yoxlama alətləri, genderə məsul şəxsin funksiyasının təsviri və idarəetmədə rolu haqqında məlumatlar verilir.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimlərin məqsədi və əhəmiyyətini qeyd edib. Avropa İttifaqı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova və layihə üzrə mütəxəssis Günel Mehdiyeva həyata keçirilən işlərdə həm qadınların, həm də kişilərin bərabər faydalanmasının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Təlim gender məsələləri üzrə mütəxəssis Şəhla İsmayılın təqdimatı ilə davam edib.