Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunan marafon yürüşü keçirilib

20 noyabr 2022

Paylaş:

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilən kampaniya çərçivəsində Gənclik parkında 100-dən çox uşağın iştirakı ilə marafon yürüşü keçirilib.

Dairəvi trayektoriya üzrə keçirilən yürüşü başa vuran marafon iştirakçıları uşaq hüquqları mövzusunda interaktiv və öyrədici oyunlara qatılıb, əyləncəli fəaliyyətlərdə iştirak ediblər.

Kampaniyanın məqsədi uşaqları öz hüquqları barədə maarifləndirmək və ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.

Tədbirin təşkilatçıları olan qurum rəsmiləri - UNİCEF-in ( Unicef Azerbaijan ) Azərbaycan nümayəndəsi Aleks Haykens, “Regional İnkişaf” İctimai Birliyinin (Regional İnkişaf - RİİB ) nümayəndəsi Şamil Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Ombudsman Aparatının (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman ) nümayəndəsi Nigar Ağayeva salamlama nitqi ilə çıxış ediblər.

Çıxışlarda uşaqların fiziki, əqli və psixi sağlamlığının, onların hərtərəfli şəxsiyyət kimi böyüməsinin vacibliyi, ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq uşaq hüquqları ilə bağlı milli qanunvericilik bazasının təkmilləşdirilməsi, uşaqlar üçün keyfiyyətli həyat standartlarının təmin olunması istiqamətində dövlət tərəfindən atılan uğurlu addımlardan danışılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi genişmiqyaslı layihələr barədə məlumat verilib. Uşaq hüquqlarının təşviqi və təbliği, bu sahədə maarifləndirmə işinin aparılması, uşaqların sağlamlığı və inkişafı istiqamətində təşəbbüslərin icrası məqsədilə aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Tədbir əyləncə proqramı ilə davam edib.