Dövlət Komitəsinin sədri Əlcəzair Xalq Demokratik Respublikasının Milli Həmrəylik, Ailə və Qadının Statusu naziri ilə görüşüb
Paylaş:
Türkiyə Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 4 noyabr 2022-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının Milli Həmrəylik, Ailə və Qadının Statusu naziri Kaouter Krikou ilə görüşüb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Əlcəzairə səfərindən bəhs edən B. Muradova bildirib ki, dövlət başçısı hər iki ölkənin tarixində xalqın müharibədən əziyyət çəkməsi baxımından oxşarlıq olduğunu qeyd etmişdi.
O, daha sonra qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, eləcə də zorakılıq halları ilə mübarizə istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan siyasət və həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb.
Çıxışının sonunda xanım naziri Azərbaycana dəvət edən B. Muradova bildirib ki, ölkəmizə edilən səfər gələcəkdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edən nazir Kaouter Krikou bu istiqamətdə niyyət protokolu imzalanmasını və birgə fəaliyyət planının hazırlanmasını təklif edib. O, hər iki ölkənin də müharibədən əziyyət çəkdiyini nəzərə alaraq, əməkdaşlıq sənədində qadın və uşaqlara psixososial dəstəyin gücləndirilməsi məsələsinin də yer almasının vacibliyini diqqətə çatdırıb.