Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq sahəsində Fəaliyyət Planı imzalanıb

4 noyabr 2022

Paylaş:

4 noyabr 2022-ci il tarixində İstanbul şəhərində “Azərbaycan və Türkiyə Hökumətləri arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” imzalanıb.

Sənədi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.

Türkiyə və Azərbaycan Respublikalarının müvafiq qurumları tərəfindən hazırlanan Fəaliyyət Planında ailə, qadın və uşaq məsələləri ilə bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün tematik işçi qrupların təşkil ediləcəyi, Türk dövlətlərində ailə dəyərlərinin təbliği, dəstəklənməsi və daha da gücləndirilməsi məqsədilə “Türk Dünyası Ailə Festivalı”nın keçiriləcəyi, ailə, qadın və uşaq sahəsində konfrans, seminar, təlim və bu kimi proqram, eləcə də, tədbirlərdə qarşılıqlı iştirakın təmin ediləcəyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi yanında Uşaq Məsləhət Şurası ilə uşaq hüquqlarının qorunması, uşaqların ictimai fəaliyyətlərdə iştirakının və liderlik keyfiyyətlərinin artırılması sahəsində birgə fəaliyyətlərinin həyata keçiriləcəyi nəzərdə tutulur.

Həmçinin Fəaliyyət Planında ailə yönümlü xidmətlər, ailə təhsili, ailə məsləhət xidmətləri və psixososial dəstək sahəsində, eyni zamanda erkən uşaqlıq dövrünün inkişafına dair siyasətin formalaşdırılması üzrə təcrübə mübadiləsi məsələləri də əksini tapıb.

2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığının daimi inkişafını təmin etməyi hədəfləyir.