Dövlət Komitəsində Moldovanın əmək və sosial müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi

19 oktyabr 2022

Paylaş:

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova iki ölkə arasında tarixə söykənən əlaqələrin bu günümüzdə iqtisadi, siyasi və digər əlaqələr baxımından yüksələn xətt üzrə inkişaf etdiyini və intensivləşdiyini qeyd edib. O, Azərbaycanla Moldova arasındakı münasibətlərin tarixinə toxunaraq qeyd edib ki, biz daim iki ölkəni birləşdirən ortaq nöqtələri tapmağa, əməkdaşlığın hər iki tərəf üçün faydalı formalarına üstünlük verməyə çalışmışıq. O bildirib ki, iqtisadi və siyasi əlaqələrimiz beynəlxalq aləmdəki mövqelərimizə də təsir edir və biz də beynəxalq təşkilatlar çərçivəsində bir-birimizə ciddi dəstək göstəririk.

B. Muradova hər iki ölkənin rəsmiləri başda olmaqla, parlamentləri, hökumətləri və cəmiyyətləri arasındakı əlaqələrin yüksək səviyyəsini vurğulayıb. Hər iki ölkənin separatçılıqdan əziyyət çəkdiyini, münaqişə və müharibəyə cəlb olunduğunu qeyd edən Dövlət Komitəsinin sədri hər iki ölkənin ərazi bötüvlüyü məsələsinin hər zaman prioritet olduğunu diqqətə çatdırıb: “Düşünürəm ki, Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə münaqişə ilə bağlı əldə etdiyi nəticələr Moldovadakı və digər respublikalardakı münaqişələrin də həlli üçün bir açar rolunu oynaya bilər”.

Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar Azərbaycanda səfərdə olduğu müddətdə ölkəmizdə olan sosial təminat və DOST mərkəzlərinin, eləcə də reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edib. Rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycana edilən səfərin məqsədinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi olduğunu qeyd edən nazir digər sahələrdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Moldovanın baş nazirinin ötən həftə cənab prezidentlə görüşünə diqqət çəkən Marçel Spatar ikitərəfli əməkdaşlığın gücləndirilməsinə əsaslanan bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir Dövlət Komitəsinin fəaliyyət mexanizmi, o cümlədən strukturu və həyata keçirdiyi tədbir və layihələr haqqında geniş məlumat almaqda maraqlı olduğunu diqqətə çatdıraraq, xüsusilə də uşaq hüquqlarının müdafiəsi, uşaq iştirakçılığı, dövlət müəssisələrində yaşayan uşaqların qayğı ilə əhatə olunması və digər istiqamətlərdə fəaliyyət barədə suallarını ünvanlayıb.

Qarşılıqlı müzakirə şəklində davam edən görüş zamanı nazir və Moldova nümayəndə heyətinin suallarına cavab olaraq Bahar Muradova uşaq müdafiəsi və uşaqlar üçün hökumət tərəfindən yaradılan imkanlar barədə məlumatları diqqətə çatdıraraq, Dövlət Komitəsinin bu sahədə gördüyü işləri qeyd edib. O, xüsusilə də regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində göstərilən xidmətlər, eləcə də zorakılıqla mübarizə istiqamətində monitorinq qruplarının fəaliyyəti, eyni zamanda sığınacaqlar, İcma və Qadın Resurs Mərkəzləri barədə məlumatları təqdim edib. Dövlət müəssisələrində və uşaq evlərində olan valideyn himayəsindən məhrum uşaqların öz ailələrinə yaxud uyğun ailələrə verilməsi məqsədilə vacib tədbirlərin görüldüyünü qeyd edən B. Muradova Azərbaycanda de-institulizasiya prosesi haqqında məlumat verib. Dövlət Komitəsinin sədri 44 günlük Vətən müharibəsində Qələbəmizi xüsusi vurğulayaraq, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini, məcburi köçkünlərin öz evlərinə qaytarılması və onlar üçün ən əlverişli şəraitin yaradılması istiqamətində müvafiq işlərin görüldüyünü qeyd edib.

Görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova, eləcə də dövlət katibi Vasile Kuşka, Korina Ajder, Uşaq hüquqlarının müdafiəsi və uşaqlı ailələr idarəsinin rəisi İqor Kişka, QHT nümayəndəsi Oleq Hinku, Moldovanın Azərbaycan Respublikasındakı Səfirliyindən Nikolay Kojuxar, ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Elnarə Ənsari iştirak edib.

Görüş hər iki qurumun fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsinin aparılması, mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivlərinin müzakirə edilməsi ilə davam edib.