“Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusuna həsr olunmuş konfrans keçirilib
Paylaş:
19 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” analitik hesabatında tətbiq olunmuş ictimai rəy sorğusuna həsr edilən konfrans keçirilib.
Tədbir zamanı Azərbaycanda uşaq hüquqlarının təmin olunmasına dair mövcud vəziyyət, eləcə də, analitik hesabatda bu istiqamətində milli və beynəlxalq aspektlər barədə məlumatlılıq səviyyəsi üzrə aparılmış sorğuya dair nəticələr müzakirə edilib.
Tədbirə moderatorluq edən Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc iştirakçıları salamlayıb. O, şərəfli zəfər təqvimini yaşadığımızı xatırladaraq, Vətən müharibəsindəki qələbəmizin minlərlə uşağın adının qarşısından “məcburi köçkün” ifadəsini silib atdığını bildirib. Millət vəkili, hər bir dövlətin gələcəyinin güvənli nəslin, sağlam uşaqların üzərində qurulduğunu söyləyib və STM-nin növbəti tədqiqat layihəsinin qalib dövlətin gələcəyi olan uşaqlara həsr olunduğunu diqqətə çatdırıb.
Zahid Oruc, Dövlət Komitəsinin sifarişilə hazırlanan və sözügedən sahədə beynəlxalq təcrübəyə söykənən araşdırma işinin, ailə və uşaq fenomenini yeni ictimai münasibətlər və kommunikasiya inqilabı şəraitində öyrənməyə, uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafına təsir göstərən amilləri təhlil etməyə çalışdığını qeyd edib. O, Mərkəzin Komitə ilə birgə daha əvvəl keçirdiyi tədqiqatlar barədə məlumat verib və nəticələri ilə bağlı fikirlərini bölüşüb. Çıxışının sonunda Z.Oruc, Azərbaycanın ümumi əhalisinin 23,9%-ni təşkil edən uşaqların dövlət tərəfindən daim xüsusi qayğı ilə əhatə olunduğunu söyləyib və “Böyük Qayıdış” proqramı çərçivəsində uşaqların doğma yurda qayıdışı və hüquqlarının təmin olunması çərçivəsində mühüm tədbirlərin görüldüyünü vurğulayıb.
Tədbir iştirakçılarını salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, konfransın işinə uğurlar arzulayıb. O, uşaq hüquqlarının qorunması istiqamətində dövlətin və cəmiyyətin birgə iştirakı və gələcək planlar barədə söz açaraq, bu sahədə fəaliyyətin məsuliyyətli və şərəfli olduğunu söyləyib.
B. Muradova, dünyada gedən proseslərin uşaqlara və ailələrə təsiri, o cümlədən regional problemlərin, xüsusilə Azərbaycanın ötən onilliklər ərzində üzləşdiyi münaqişə və onun törətdiyi fəsadların uşaq hüquqlarının qorunması sahəsinə təsirsiz ötüşmədiyini vurğulayıb. Tədqiqatın hazırlanmasında məqsədin bu sahədə problemləri öyrənmək, mövcud vəziyyəti təhlil etmək, həll yolları axtarmaq, strategiyalarda gələcək planlar üçün tədbirləri müəyyən etmək olduğunu qeyd edən sədr, Komitə ilə yanaşı, digər qurumların da bu sahədə bir sıra məsələlərə qiymət verməsinin vacibliyini qeyd edib.
BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) qarşısında növbəti dövr üçün hesabatın gələn ilin yanvar ayında baş tutacağını diqqətə çatdıran sədr, CRC tövsiyələrinin yerinə yetirilməsi baxımından vacib olduğunu, sözügedən təhlilin imkanlarından istifadə ediləcəyini bildirib.
Ötən il ərzində bir sıra istiqamətlər üzrə Dövlət Komitəsi tərəfindən aparılan təhlil və araşdırmalara diqqət çəkən Bahar Muradova, qarşıdakı ildə də müxtəlif sahələr üzrə daha 7 təhlilin keçiriləcəyini, həmçinin yaxın gələcəkdə müharibədən zərər çəkmiş ailələr və uşaqlara göstərilən psixo-sosial xidmətin səviyyəsinin də inkişaf etdirilməsi sahəsində təhlillərin aparılacağını əlavə edib: “Nəzərdə tutulan təhlillər başa çatdıqdan sonra 2020-2025-ci illərdə görülən işlərin nəticələri ilə bağlı növbəti 5 il üçün perspektivləri daha aydın görərək planlarımızı həyata keçirə biləcəyik”.
Sədr, sonda təhlilin nəticə və tövsiyələr hissəsinin təkcə dövlət qurumları üçün deyil, həm də vətəndaş cəmiyyəti və media üçün kifayət qədər vacib olduğunu diqqətə çatdırıb və birgə fəaliyyətin önəmini qeyd edib.
Daha sonra uşaqların, gənc nəslin tərbiyə olunması və hüquqlarının təmin olunması istiqamətində dövlət siyasətini özündə əks etdirən film nümayiş olunub.
STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Mərkəzin yaradılmasının əsas məqsədinin elmi tədqiqat əsaslı siyasətin və idarəçilik ənənəsinin Azərbaycana gətirilməsi olduğunu qeyd edərək, “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinin təqdimatı ilə çıxış edib. Aparılan tədqiqat barədə ətraflı məlumat verərək, bildirib ki, sorğu 9 coğrafi-iqtisadi rayonda keçirilib və 2400 respondent iştirak edib, bundan əlavə 24 ekspertdən keyfiyyət əsaslı tədqiqat rəyi alınıb.
Tədqiqatın əsas mesajlarını səsləndirən T. Allahyarova, internetdə uşaqlarla bağlı kontentin inkişaf etdirilməsi, uşaq verilişlərinin internet məkana gətirilməsi, sosial şəbəkələrdə uşaqlarla bağlı keyfiyyətli azərbaycan dilli kontentin yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Nazirliyin ailə siyasətinin həyata keçirilməsi istiqamətində sosial-iqtisadi inkişaf strategiyası və uşaq qayğı sisteminin həyata keçirilməsi sahəsində müxtəlif tədbirlərin həyata keçirdiyini vurğulayıb. O, uşaqların sosial-psixoloji xidmətlərə əlçatanlığının təmin edilməsi, onların sosial müdafiəsinin təşkili sahəsində görülən işlər barədə məlumatları diqqətə çatdırıb.
Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, aktual mövzuya toxunduğuna görə sorğunun vacibliyini qeyd edib və təhlildə Nazirliyin fəaliyyəti ilə bağlı istiqamətlərə diqqət çəkib. Erkən yaşlardan gənclərin bilikli, bacarıqlı və vətənpərvər ruhda böyüdülməsinin önəmini vurğulayaraq, qeyri-formal təhsillə bağlı məlumatları diqqətə çatdırıb.
Azərbaycan Respublikası Vüqar Məmmədov araşdırmanın qiymətli təhlil materialı olduğunu bildirərək, Nazirliklə Komitə arasında mövcud sıx əməkdaşlığın daha da genişləndirilməsinə töhfə olacağını söyləyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək, Agentlik tərəfindən hər il keçirilən qrant müsabiqələrində ailə, qadın və uşaq problemləri ilə bağlı mövzuların daim işləndiyini bildirib. O əlavə edib ki, təhlildə yer alan bir sıra maraqlı faktlar, gələcəkdə qrant mövzularını seçərkən diqqətə alınacaq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev ümumtəhsil müəssisələrində sağlam mühitin formalaşdırılmasının uşaqların inkişafına, təlim-tərbiyəsinə, eləcə də təhsilinə də təsir etdiyini qeyd edib. O, təhlildə əksini tapan bir sıra məqamların Nazirliyin fəaliyyətində diqqətə alınacağını əlavə edib.
Tədbir müzakirə ilə davam edib. İştirakçılar çıxış edərək, təhlilə münasibət bildirib, onları narahat edən mövzularda fikir və tövsiyələrini səsləndiriblər. Millət vəkilləri Tahir Kərimli, Sədaqət Vəliyeva, Elşad Mirbəşiroğlu çıxışları zamanı uşaq hüquqları sahəsində görülən tədbirlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.