Dövlət Komitəsində işgüzar görüş keçirilib

29 sentyabr 2022

Paylaş:

29 sentyabr 2022-ci il tarixində Dövlət Komitəsində həssas təbəqədən olan qadın və uşaqlarların sağlamlığına dəstək məqsədilə həyata keçirilən sosial layihə çərçivəsində Azərbaycanda olan Türkiyəli iş qadınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş baş tutub.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova qardaş ölkə ilə hər bir sahədə əməkdaşlığın uğurla inkişaf etdirildiyini qeyd edib. O, bildirib ki, bütün səviyyələrdə - vətəndaş cəmiyyəti, dövlət qurumları, parlament, siyasi partiyaların nümayəndələrinin belə qarşılıqlı görüşləri qardaşlığımızı daha yüksək səviyyəyə qaldırır. Komitə sədri, iki qardaş ölkənin qadınlarının sülh quruculuğu prosesinə cəlb olunmasının bu sahədə görülən işləri sürətləndirəcəyini qeyd edib. Eyni zamanda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, belə bir çətin dönəmdə qardaş ölkə olaraq hərtərəfli dəstəyini nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun bütün dünyaya nümunə olduğunu, ikinci belə dost-qardaş ölkənin mövcud olmadığını diqqətə çatdırıb.

Uşaqlarla bağlı həyata keçirilən layihələrin Komitənin əsas istiqamətlərindən biri olduğunu qeyd edən sədr, gələcəyimiz olan uşaqlar üçün reallaşdırılan bu önəmli işdə və həyata keçirilən layihələrdə əməkdaşlığa maraqlı olduğunu, bütün fəaliyyətlərdə hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.

Daha sonra Liv Hospital Qrup Koordinatoru Meri İstroti çıxış edərək Dövlət Komitəsində olmaqdan məmnunluq duyduqlarını ifadə edib. Öz fəaliyyətləri haqqında məlumat verən Meri İstroti Azərbaycanda qadınlar və uşaqlar üçün həyata keçirilən xidmətlər və kampaniyalar haqqında məlumat verib. Xüsusilə layihə çərçivəsində həssas təbəqədən olan qadınlar və şəhid övladları üçün ödənişsiz səhiyyə xidmətləri həyata keçirildiyini vurğulayıb, bundan sonrakı dövrdə də dəstək göstərməyə daim hazır olduqlarını diqqətə çatdırıb.

M.İstroti bildirib ki, yalnız səhiyyə sahəsində deyil, eyni zamanda sosial layihələrin də ərsəyə gəlməsi üçün işlər həyata keçiriləcək. O, əlavə edib ki, bu görüşdə iştirak edən şəxslərin hər biri könüllü olaraq müxtəlif dərnəklərdə çalışır və öz fəaliyyəti ilə Türkiyəyə töhfə verir. Onlar bu tendensiyanı Azərbaycanda da davam etdirmək istədiklərini vurğulayıb.

Görüşdə millət vəkili Məlahət İbrahimqızı, Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva iştirak edib.

Tədbir qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi ilə davam edib.

Sonda xatirə fotosu çəkilib.