“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması üçün Koreya siyasətinin öyrənilməsi” üzrə proqram çərçivəsində görüş keçirilib

28 sentyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması üçün Koreya siyasətinin öyrənilməsi” üzrə proqram çərçivəsində gənclərin reproduktiv sağlamlığının qorunması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və gənclər arasında gender biliklərinin artırılması məqsədilə birgə layihə keçirilib.

Layihə üzrə keçirilən yekun tədbirdə Koreya Respublikasının müvafiq sahə üzrə ekspertləri Ji-Von Yoon, Voo-Yong Jung, Ra-Il Hvang, So-Young Park,Jungheung Koh və Hyunsuk Lee iştirak ediblər. Koreya ekspertləri gənclər arasında gender siyasətindən və bu siyasətinin həyata keçirilməsində “Gender mədəniyyət mərkəzi”nin rolundan danışıblar.

Dövlət Komitəsinin baş məsləhətçisi, layihə meneceri Rafiq Mahmudov öz çıxışında layihənin əhəmiyyətini vurğulayıb.

Onlayn seminarda Dövlət Komitənin əməkdaşları və Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, o cümlədən İcma və Qadın Resurs Mərkəzlərinin 70-ə yaxın əməkdaşı iştirak edib.

Tədbir müzakirələrlə davam edib.