Qızlar arasında intellektual oyunlara marağın təşviqi istiqamətində növbəti tədbir İsmayıllıda keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, “Ümidli Gələcək” İB-nin birgə təşkilatçılığı və UNİCEF-in dəstəyi ilə 12 avqust 2022-ci il tarixində saat 11:00-da İsmayıllı Olimpiya İdman Kompleksində Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan qızlar arasında (150 nəfər) şahmat üzrə turnir və ustad dərsləri keçiriləcəkdir.
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbirdə ustad dərslərini şahmat üzrə Azərbaycanın beynəlxalq qrossmeysterləri Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova aparacaqdır.
Tədbirin Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunması heç də təsadüfi deyil. Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan humanistlik, nəciblik, fədakarlıq, mərhəmət mücəssəməsi, xeyriyyəçi kimi tanınmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmişdir. O, dövrünün mahir söz ustası, incəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar olmaqla yanaşı, həm də yüksək intellektə malik, şahmat oynamaq bacarığı ilə ətrafdakıları valeh edən mahir oyunçu kimi özünü təstiqləmiş, güclü qadını obrazını formalaşdıraraq, xalq arasında böyük sevgi qazanmışdır.
Qadınların cəmiyyətdə fəallığının və müxtəlif sahələrdə təmsilçiliyinin daha da artırılması, onların hərtərəfli inkişafı və dəstəklənməsi bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət Komitəsi tərəfindən keçirilən layihə də qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunması, qızların analitik düşünmə qabiliyyətinin daha da inkişaf etdirilməsi, onların oyun təcrübələrinin artırılması məqsədi daşımaqla bu istiqamətdə dövlət siyasətinin daha da gücləndrilməsinə xidmət edir.
Tədbirdə iştirak edən bütün qızlara uğurlar arzu edirik!