“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Vəlioğlu” MMC şirkətinin dəstəyi ilə “1-7 avqust Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində Suraxanı rayonu 3 saylı doğum evində, Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində və Xəzər rayonu 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsində Komitə nümayəndələri Kamilə Əliyeva və Zülfiyyə Sadıqovanın iştirakı ilə hamilə və yeni ana olmuş qadınlarla görüşlər keçirilib. Görüşlər zamanı onlara ana südü ilə qidalanmanın uşaqların fiziki və psixi inkişafına müsbət təsirləri,doğuşdan sonra qadınların psixoemosional vəziyyətinin dəyişkən olması, bu keçici dövrdə qadınların rastlaşdığı problemlərin həlli yolları, körpə ilə ünsiyyətin qurulması qaydaları və s. barədə faydalı məsləhətlər verilib.
Eyni zamanda Goranboy, Göygöl, Saatlı,Sabirabad, Zaqatala, İsmayıllı, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib.
Tibb müəssisələrində, ictimai yerlərdə gənc qızlar və ana olmağa hazırlaşan qadınlara Komitə tərəfindən hazırlanmış ana südünün uşaqlar və ananın sağlamlığı üçün faydaları, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, südün tərkibindəki maddələrin uşaqların fiziki və zehni inkişafına təsiri haqqında müxtəlif maarifləndirici materiallar paylanılıb.
Ümumilikdə görüşlərdən 94 nəfər faydalanıb.