“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda Yay Təlim Proqramının iştirakçılarının mükafatlandırılma mərasimi keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün 25-29 iyul tarixlərində İsmayıllı rayonunda təşkil edilən Yay Təlim Proqramının son günü də məhsuldar oldu.
Əvvəlcə media üzrə ekspert Aynur Bəşirli gender bərabərliyi və inklüziv inkişaf, ailə və cəmiyyət baxımından məsələyə baxış, mediada qadın və kişi təmsilçiliyi mövzusu üzrə çıxış edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə uşaq hüquqlarının mediada işıqlandırılması, bu istiqamətdə jurnalistlərin öhdəlikləri haqqında tələbələri məlumatlandırıb.
Davamında iştirakçılar uşaq hüquqlarına dair qrup işi üzrə müzakirələr keçirib.
Təlimin gedişatında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, mətbuat katibi Teymur Məmmədov tələbələrlə görüşərək, qadın və uşaq məsələlərinin, xüsusilə intihar və zorakılıq mövzularının mediada işıqlandırılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Eyni zamanda psixoloq Rövşən Nəcəfov müzakirə edilən mövzulara psixoloji aspektdən yanaşma ilə bağlı fikirlərini səsləndirib. Təlim müddətində “İnsan mühəndisliyi” mövzusu üzrə çıxış edən psixoloq iştirakçılar arasında maraqlı psixoloji testlər keçirərək nəticələrini qeyd edib.
Yekunda tələbələr fəal iştiraklarına görə sertifikatla təltif ediliblər.
Qeyd edək ki, təlim müddətində ekspertlər tərəfindən mediada gender stereotipləri, cinsiyyətçilik və nifrət nitqi, cəmiyyətdə gender əsaslı ayrı-seçkiliyin yayılmasında və qarşısının alınmasında medianın rolu, qadın və uşaq hüquqlarının qorunmasını təşviq edən beynəlxalq standartlar və yerli qanunvericiliyin tələbləri, jurnalistlərin hüquq və vəzifələri, xəbər və məqalələrdə azərbaycan ədəbi dilinin normalarına riayət edilməsi, uşaq hüquqlarının mediada işıqlandırılmasında jurnalist məsuliyyəti, Azərbaycan mediasında qadın hüquqlarına tarixi baxış, eyni zamanda liderlik bacarıqlarının inkişaf etdirilməsi, insan mühəndisliyi, nüfuz, strategiya və digər mövzularda təqdimatlar və müzakirələr keçirilib.
Eyni zamanda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə göstərilən xidmətlərlə tanışlıq məqsədilə ekskursiya da təşkil edilmişdi.
Təlimlər hüquqşünas Ələsgər Məmmədli, media üzrə ekspert Aynur Bəşirli, Dövlət Komitəsinin əməkdaşları Sevil Rəsulzadə və psixoloq Rövşən Nəcəfov tərəfindən aparılıb.