BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”sının həyata keçirilməsində QHT-lərin rolu müzakirə edildi

15 iyul 2022

Paylaş:

15 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova tədbirə moderatorluq edərək bildirib ki, tədbirin təşkil edilməsində məqsəd cari ilin 16 iyun tarixində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının icrasına dair altıncı dövri məruzəsi ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə vətəndaş cəmiyyəti institutu nümayəndələrini məlumatlandırmaq, onları bir daha müvafiq sahədə əməkdaşlığa və tövsiyələrin həyata keçirilməsinə töhfə verməyə dəvət etməkdir.

Sonra açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda “İctimai iştirakçılıq haqqında” Qanunun mövcud olduğunu diqqətə çatdıraraq, hər bir dövlət qurumu yanında fəaliyyət göstərən ictimai şuraların əhəmiyyətini qeyd edib. Həm ayrı-ayrılıqda qeyri-hökumət təşkilatları ilə, həm də dövlət qurumu yanında fəaliyyət göstərən İctimai şura vasitəsilə aktual və hər kəsi narahat edən məsələlərin birgə müzakirə edildiyini qeyd edən B.Muradova bildirib ki, qərarların qəbul edilməsi zamanı ictimaiyyətdən gələn fikirlər də nəzərə alınır: “Artıq QHT-lər daha çox dövlət, ictimaiyyət və insan həyatına nüfuz edən layihələrə imza atırlar. Biz Dövlət Komitəsi olaraq bu əməkdaşlıqdan faydalı nəticələr gözləyirik”.

Hazırda baş tutan konfransın CEDAW Komitəsinin 82-ci sessiyasında 6-cı dövri hesabatının dinlənilməsindən sonrakı prosesə həsr olunduğunu vurğulayan sədr bildirib ki, Azərbaycan hökumətinin ötən 7 il ərzində gördüyü işin müzakirəsi olan bu dinləmədə nümayəndə heyəti tərəfindən suallara qaneedici cavablar verilmiş, həmçinin bundan öncəki müzakirənin nəticələri olan tövsiyələrin yerinə yetirilməsi ilə bağlı atılan addımlarla bağlı fikirlər səsləndirilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də mexanizmlərin effektivliyinin artırılması istiqamətindəki səylərinin, eyni zamanda bəzi çatışmazlıqların da mövcud olduğu vurğulanmışdır: “Müzakirə kifayət qədər demokratik, bir-birinə qarşılıqlı hörmət əsasında, konstruktiv məcrada keçdi. Yekun hesabata əsasən Azərbaycanın 6-cı dövri hesabatı birmənalı şəkildə müsbət oldu və bu sahədə həm şifahi həm yazılı cavabları yüksək qiymətləndirildi. Çoxprofilli nümayəndə heyəti ilə təqdim olunması isə xüsusi vurğalandı”- deyə o çıxışına əlavə edib.

Dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlərin də iclasda qeyd edildiyini diqqətə çatdıran B. Muradova əlavə edib ki, bu istiqamətdə Azərbaycan BMT komitələri arasında könüllü hesabat verən və ciddi işlərə söykənən, dinamik inkişafı özündə əks etdirən fəaliyyətə yönələn hesabat verməklə seçilən ölkədir. Eyni zamanda Parlamentin ötən müddətdə qanunverici əsasda kifayət qədər dəyişikliklərə imza atdığı bildirildi.

B. Muradova diqqətə çatdırıb ki, yeni tövsiyələri icra etmək, geniş şəkildə təbliğatını və təşviqatını aparmaq, daha sonra da onun icrası prosesinə hər kəsi cəlb etmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən bütün təbəqələrin iştirakçılığını təmin etmək mühüm məsələdir.

Daha sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəmiyyətin bütün sferalarının inkişafı, tərəqqisi üçün öz layihələri ilə töhfə verməyə çalışırlar. Agentlik olaraq biz də bütün sahələr üzrə fəaliyyət göstərən QHT-lərin layihələrinə müxtəlif formalarda dəstək oluruq. Bu baxımdan məişət zorakılığı ilə mübarizə, ailə dəyərlərinin təbliği, uşaq hüquqlarının qorunması, qadınlara qarşı ayrı-seçkilik məsələləri də bizim daim gündəmimizdədir və qrant müsabiqələrində mövzu kimi elan edilir. A.Əliyeva qeyd edib ki, 2021-ci il kiçik qrant müsabiqəsində ailə, qadın, uşaq və gender məsələləri istiqaməti üzrə 37 qeyri-hökumət təşkilatının layihəsinə ümumilikdə 330 min manatdan çox vəsait ayrılıbdır. Layihələr çərçivəsində Bakıda və regionlarda 10-larla tədbir keçirilmiş, müxfəlit maarifləndirmə materialları hazırlanıbdır.

Tədbir çərçivəsində Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidməti şöbəsinin müdiri Fərid Ədilov “BMT-nin CEDAW Konvensiyasının həyata keçirilməsinə dair 6-cı dövri məruzəsinin yekun tövsiyələri barədə” çıxış edərək, müsbət məqamları diqqətə çatdırıb və bildirib ki, CEDAW Komitəsi Azərbaycan tərəfinin qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyət və səylərini alqışlayıb. Sual-cavab sessiyası zamanı ekspertlər ölkədə qadınların siyasi və ictimai həyatda iştirakçılığının artırılması üzrə tədbirləri, kənd qadınlarına göstərilən dəstək xidmətlərini, insan alveri, məişət zorakılığı ilə mübarizəyə dair milli fəaliyyət planlarını, eləcə də cins əsaslı seçiminin qarşısının alınmasına dair qəbul edilmiş Tədbirlər Planını yüksək qiymətləndirib. O, əvvəlki tövsiyələrdə nəzərdə tutulan və həllini tapmış məsələləri diqqətə çatdırıb, eyni zamanda icrası qadınların ədliyyəyə çıxışı, qadınlar sülh və təhlükəsizlik prosesində, stereotiplər və zərərli təcrübələr, təhsil, səhiyyə və məşğulluq istiqamətində tövsiyələr haqqında məlumatları qeyd edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş Tədqiqat və İnkişaf ” İctimai Birliyinin sədri Günel Səfərova “BMT-nin CEDAW Konvensiyasından irəli gələn tövsiyələrin həyata keçirilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi” mövzusu üzrə çıxış edərək, qrant müsabiqələrinə təqdim edilən layihələr barədə məlumat verib və gender məsələlərini əhatə edən layihələrin daha da təlim və tədbirlər ilə məhdudlaşdığını, araşdırmalara çox az yer ayrıldığını, eyni zamanda təşkil edilən təlimlərdə auditoriyanın hər dəfə eyni olmasından məyusluğunu ifadə edib. O eyni zamanda erkən nikahlarla mübarizə istiqamətində keçirilən tədbirlərin daha çox valideynlərə istiqamətlənməsi, onların iştirakının təmin edilməsini vacibliyini vurğulayıb. G. Səfərova qeyri-hökumət təşkilatlarının əməkdaşlıqla bağlı koalisiyasının yaradılmasına, təşkilatlararası əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.

BMT-nin CEDAW Komitəsinin sədr müavini Elgün Səfərov vətəndaş cəmiyyəti institutlarının beynəlxalq səviyyədə təmsil olunması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbir qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə müzakirələrin aparılması istiqamətində davam edib. Ucqar kənd yerlərində qızların təhsildən yayınması, cins seçiminin qarşısının alınması, gender əsaslı zorakılıqla mübarizə və digər mövzular ilə bağlı müvafiq işlərin görülməsi məqsədilə təkliflər səsləndirilib.