“Oxuyaq və paylaşaq” adlı sosial maarifləndirmə layihəsi davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin aprel ayında “Oxuyaq və paylaşaq” adlı sosial maarifləndirmə layihəsinə start verilib. Layihənin əsas məqsədi uşaqlarda mütaliəyə marağın yaradılması, onlarda dinləmə mədəniyyətinin formalaşdırılması, emosional inkişaf və dünyagörüşünün artırılması, bütün bunların nəticəsində gələcəkdə həyatı daha dərin qavramalarına şərait yaratmaqdır.
Kitabların oxunulduqdan sonra sadəcə rəflərdə qalmaması, paylaşılması ekoloji baxımdan da olduqca vacibdir. Çünki kitabların kağızdan, kağızın isə ağacdan hazırlandığını nəzərə alsaq, uşaqlara kitabları sevdirməklə, onları səliqəli saxlamağı və paylaşmağı öyrətməklə ağacların kəsilməsinin qarşısını almaq olar. Beləliklə həm də uşaqlara ekologiyanı qorumağı, təbiəti sevməyi və zərər verməməyi təşviq etmiş olarıq.
İl ərzində davam edəcək layihə çərçivəsində könüllü şəxslər və kollektivlərin Bakı şəhərində və regionlarda yaşayan uşaqlara kitablar göndərməsi, həmin kitabların istifadədən sonra uşaqların eyni bölgədə yaşayan həmyaşıdlarına ötürülməsi və layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Layihənin əhəmiyyətini, regionları əhatə etdiyini və uşaqların üzündə təbəssüm, qəlbində sevinc yaradacağını nəzərə alaraq, cəmiyyət üzvlərini bir daha layihədə aktiv iştirak etməyə dəvət edirik. Təqdim olunan hər bir kitab uşaqların mənəvi dünyasına rəng qatacaq.