Bahar Muradova Özbəkistanın Qadın Sahibkarlar Klubunun nümayəndə heyəti ilə görüşüb
Paylaş:
29 iyun 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Özbəkistan Respublikasının Qadın Sahibkarlar Klubunun nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova Özbəkistan nümayəndə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edib.
Ölkə Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfərindən danışan Komitə sədri iki ölkə arasındakı səmimi münasibət, özbək xalqının qonaqpərvərliyi və orada Azərbaycana olan sevgidən bəhs edib. Görüş zamanı hər iki ölkənin liderinin müxtəlif səviyyələrdə səfərlərin intensivləşdirilməsi ilə bağlı qərarına diqqət çəkən B.Muradova, hazırki görüşün məhz həmin razılaşmanın bilavasitə nəticəsi olduğunu qeyd edib. Tarixən iki ölkə arasında münasibətlərin qardaşlığa, birliyə və dostluğa əsaslandığını qeyd edən sədr, bu münasibətlərin tarixi xarakter daşıdığını əlavə edib.
Beynəlxalq münasibətlərdə Özbəkistanın dəstəyini qeyd edən Bahar Muradova, əlaqələri strateji müttəfiqlik səviyyəsinə qaldıran sənədlərin də qəbul edildiyini diqqətə çatdırıb: “Qarabağ məsələsində Özbəkistanın yalnız dostluğa, qardaşlığa, beynəlxalq hüquqa söykəndiyini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini gördük. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib və regionda davamlı sülhün bərqərar olunması üçün əlindən gələni edir”.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən Komitə sədri, ali məqsədin ailə dəyərlərini qorumaq, qadınları gücləndirmək, gender bərabərliyini təmin etmək, gender əsaslı ayrı-seçkiliyi aradan qaldırmaq, uşaq hüquqlarını təmin etmək, icra mexanizmlərinin effektivliyini artırmaq olduğunu əlavə edib. O, eyni zamanda qadınların əmək bazarında iştirakçılığını artırmaq, onların sahibkarlıq subyektləri yaratmaq işini asanlaşdırmaq, ölkədə yaranan dəyərə adekvat töhfə vermək olduğunu diqqətə çatdırıb.
Özbəkistanın Qadın Sahibkarlar Klubunun nümayəndə heyətinin rəhbəri Nadira Şotursunova səmimi qəbula görə Komitə sədrinə təşəkkür edərək, heyət üzvlərini təqdim edib. O, Özbəkistanda həyata keçirilən gender siyasəti, ölkədə yenicə qəbul edilən gender strategiyası, eyni zamanda son illər qadın və kişi bərabərliyinin təmin edilməsi istiqamətində əldə edilən uğurlar barədə məlumat verib.
Qadın Sahibkarlar Klubunun fəaliyyətindən bəhs edən N.Şotursunova, qısa müddət öncə Qırğızıstanda reallaşdırılan, həmçinin yaxın gələcəkdə Türkmənistanda baş tutacaq Biznes Forumun Azərbaycanda da keçiriləcəyi ilə bağlı inamını ifadə edib. Heyət rəhbəri, iki ölkə arasında müxtəlif layihələrin, tədbirlərin həyata keçirilməsi məqsədilə əməkdaşlığa hər zaman açıq olduğu, eləcə də Özbəkistana dəvəti ilə bağlı Özbəkistan parlamentinin sədri Tənzilə Narbayevanın sözlərini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva iki ölkənin Qadın Sahibkarlar Assosiasiyaları arasında bu gün imzalanan əməkdaşlıq memorandumu barədə fikirlərini bölüşüb. O, Qadınların iqtisadi gücləndirilməsi ilə qadın hüquqlarının təmin olunması istiqamətində bir sıra problemlərin aradan qaldırıldığını və bu sahədə iki ölkə arasında əməkdaşlığın birgə addımlayaraq, resursları gücləndirməyə xidmət edəcəyini bildirib.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bələdiyyələrdə yaradılan gender komissiyalarının fəlaiyyəti haqqında məlumat verib. Ötən illər ərzində ölkəmizdə qadınların iqtisadi imkanlarının artırılması, onların iqtisadi səlahiyyətləndirilməsi üzrə müsbət nəticələrin əldə edildiyini qeyd edən sədr müavini, yaxın adətlərə, tarixə və dəyərlərə sahib iki qardaş ölkə kimi bu sahədə əməkdaşlığın önəmini vurğulayıb, birgə fəaliyyətlərin müsbət nəticə verəcəyini söyləyib.
Görüş müzakirələrlə davam edib.