Elgün Səfərov yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib

24 iyun 2022

Paylaş:

23 iyun 2022-ci il tarixində Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi - beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.

Eksperti bu münasibətlə təbrik edir, gələcək fəaliyyətində uğur arzu edirik!

Qeyd edək ki, E.Səfərov ilk dəfə 2019-2022-ci illər üzrə CEDAW Komitəsinə üzv və 2021-ci ildə Komitənin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib.

Ekspert, 20 ilə yaxın müddətdə insan hüquq və azadlıqlarının təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkəni təmsil edib.

E.Səfərov uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib. Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dillərində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.