Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri ilə görüşüb

22 iyun 2022

Paylaş:

22 iyun 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və təşkilata təyin olunmuş yeni rəhbər Dragana Kojiç ilə görüşü keçirilib.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova BQXK ilə işgüzar və faydalı zəmində qurulan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, birgə keçirilən layihələrin önəmini vurğulayıb.O, təşkilatın fəaliyyətinin bütün insanları narahat edən məsələlərə, həmçinin çətin vəziyyətdə olan ailələrin problemlərinin həll olunmasına yönəldiyini bildirərək, keçirilən tədbirlərin bu qrupdan olan insanların həyat şəraitinin yüngülləşməsinə xidmət etdiyini və Komitənin də bu prosesə cəlb olunmasının qürur verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi məsələsinə toxunan B.Muradova işğaldan azad edilən ərazilərdə kütləvi məzarlıqların olduğunu diqqətə çatdırıb. O, həmçinin müharibə nəticəsində əsir və ya girov götürülmüş insanların tapılması, geri qaytarılması, onların ailələri ilə müvafiq işlərin aparılması, zərər çəkmiş qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdıraraq, bu prosesdə Qızıl Xaç Komitəsinin iştirakını və davamlı cəhdlərini yüksək qiymətləndirib.

Komitə sədri həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan hər bir Azərbaycan vətəndaşının həyatının hər şeydən önəmli olduğunu vurğulayaraq, bu istiqamətdə dövlət tərəfindən atılan addımları diqqətə çatdırıb.

Komitə sədri bir daha BQXK-nin Azərbaycan Nümayəndəliyinin sabiq rəhbərinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib, ona yeni təyinat yerində uğurlar arzulayıb, həmçinin təşkilatın rəhbəri Dragana Kojiçə yeni vəzifəsində uğurlar arzulayıb.

Səmimi qəbul və ətraflı fikir mübadiləsinə görə təşəkkürünü bildirən A.Bauer Azərbaycanı xoş xatirələrlə tərk edəcəyini bildirərək, təşkilata yeni təyin olunmuş Dragana Kojiçin daha öncəki fəaliyyəti haqqında məlumatı diqqətə çatdırıb və qarşıdakı missiyanın öhdəsindən layiqincə gələcəyinə, qurulmuş ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, təşkilatın Azərbaycanda reallaşdırdığı layihələrdən söhbət açaraq, BQXK-nin Azərbaycanla bağlı ötən dövr ərzində genişmiqyaslı layihələrinin Dövlət Komitəsi ilə fəal əməkdaşlıq müstəvisində uğurla icra olunduğunu diqqətə çatdırıb.

BQXK-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təyin olunmuş yeni rəhbər Dragana Kojiç əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etməsi üçün bütün səylərini artıracağını diqqətə çatdırıb.

Görüşdə həmçinin, BQXK ilə Azərbaycan hökuməti arasında qarşılıqlı əlaqələr, perspektiv məsələlər və postmüharibə dövründə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, eyni zamanda BQXK-nin İctimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da iştirak edib.