Regionlarda maarifləndirmə tədbirləri davam edir

20 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq 17 iyun 2022-ci il tarixində Siyəzən Heydər Əliyev Mərkəzində gənc qızlar və qadınlar üçün “Uşaqların doğulanadək cins seçiminə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində təşkil olunan tədbir Siyəzən Rayon İcra Hakimiyyətinin, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən rayon nümayəndəliyi ilə birgə keçirilib.

Tədbirdə Komitənin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva mövzu üzrə təqdimatla çıxış edərək, ölkədə doğulan uşaqların cins nisbətinə görə mövcud vəziyyət, doğulanların sayının azalması, hamiləliyin, xüsusilə də uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni surətdə pozulması hallarının artması barədə məlumat verib, nəticədə oğlan uşaqlarının sayının artmasına və cins nisbətinə görə balansın pozulmasına gətirib çıxarmasını vurğulayıb. K.Əliyeva bu istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, dövlət tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq təcrübə barədə məlumatları diqqətə çatdırıb.

Sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxış edərək, hamiləliyin süni surətdə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirdən danışıb.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin məsul nümayəndələri çıxış edərək, tədbir iştirakçılarına gender stereotiplərə qarşı mübarizə aparmağı tövsiyə ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.