BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib

16 iyun 2022

Paylaş:

16 iyun 2022-ci il tarixində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində baş tutan 82-ci sessiyasında Azərbaycan Hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Azərbaycan Hökuməti adından, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı təqdim etməkdən məmnunluq duyduğunu ifadə edib.

Hesabatın müvafiq Nazirlik və Komitələr tərəfindən verilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrup tərəfindən hazırlandığını qeyd edən Sədr, eyni zamanda qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti ilə görüş və məsləhətləşmələr aparıldığını da diqqətə çatdırıb.

Ötən dövr ərzində ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini bildirən B.Muradova gender stereotiplərinin aradan qaldırılması istiqamətində də maarifləndirmə və qurumlararası əlaqələrin gücləndirilməsi məsələsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirilib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Dövlət Komitəsi gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə artıq iki illik hesabat təqdim olunmuşdur.

Bahar Muradova həssas təbəqədən olan və çətin həyat şəraitində yaşayan qadınlara məşğulluq və özünüməşğulluq üzrə dəstək xidmətləri göstərildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkədə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələr çərçivəsində regionlarda yaradılmış 3 İcma Resurs, 15 Qadın Resurs Mərkəzi Hazırda ümumilikdə Qadın Resurs Mərkəzinin 2799 nəfər üzvü vardır. Bugünədək həmin mərkəzlərdən faydalanan qadınların sayı 8 mindən çox olmuşdur.

2020-ci ildə qlobal pandemiyanın davam etdiyi bir zamanda Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən danışan sədr 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə bitməsini vurğulayıb. Qeyd edilib ki, Ermənistanın son hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş (101 qadın, 50 uşaq) yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

Hazırki dövrdə sülhün saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının Azərbaycan üçün mütləq prioritet məsələ olduğunu bildirən Komitə sədri xüsusi diqqəti işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsinə çəkib. O bildirib ki, ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlənməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası üçün xüsusi əhəmiyyətə malikdir.

Sədr postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərildiyini diqqətə çatdırıb: “Azərbaycan hökuməti, o cümlədən, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatların birgə layihəsi çərçivəsində müharibədən zərərçəkmiş insanlarla iş aparıldığını, onların psixososial vəziyyətinin yaxşılaşdırılması və hüquqi dəstək istiqamətində xidmətlər göstərilmişdir”.

Qeyd edilib ki, adıçəkilənlərlə yanaşı Azərbaycan Hökuməti qadınların ədliyyə sisteminə çıxışının yaxşılaşdırılması, sosial və ictimai həyatda bərabər iştirakı, onlara yüksək keyfiyyətli təhsil xidmətlərinin göstərilməsi, sahibkarlığın inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının artırılması və müvafiq dəstək mexanizmlərinin yaradılması, İKT sahəsində biliklərinin artırılması, texnologiyalardan geniş istifadəsi, qadınların məşğulluq imkanlarının artırılması və onların əmək bazarında iştirakı üçün şəraitin yaradılması istiqamətində mühüm fəaliyyətlər həyata keçirməkdədir.

Görülən işlər və əldə edilmiş müsbət nəticələrlə bərabər, mövcud olan bir sıra problemlərə diqqət çəkən B.Muradova mənfi gender stereotipləri, erkən yaşda evlilik, selektiv abort kimi gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən amilləri nəzərə çatdırıb. Qeyd edib ki, Beynəlxalq təşkilatların dəstəyi ilə stereotiplərlə mübarizə, bərabər imkanların təmin edilməsi, gender mədəniyyətinin təbliği, gender siyasətinin həyata keçirilməsində beynəlxalq təcrübədən fəal şəkildə istifadə edilir, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə üzrə layihələr həyata keçirilir.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti ölkənin beynəlxalq sənədlərlə öz üzərinə götürdüyü öhdəliklərə uyğun həyata keçirilir. Çünki hər kəs üçün bərabər iştirak və imkanların yaradılması daha yaxşı inkişaf üçün əsas meyarlardandır.

O, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin təqdim edəcəyi tövsiyələrin Konvensiyanın daha da effektiv həyata keçirilməsinə, həmçinin mövcud boşluqların və problemlərin aradan qaldırılmasına töhfə verəcəyinə inamını ifadə edib.

Çıxışının sonunda Hökumət adından Azərbaycan Respublikasının CEDAW Komitəsi ilə səmərəli əməkdaşlığa və açıq dialoqa hazır olduğunu qeyd edilib.

Daha sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin ekspertlərinin sualları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunur.