Məktəb psixoloqları üçün sosial-emosional öyrənmə üzrə növbəti onlayn təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramının birgə təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən məktəb psixoloqları üçün sosial-emosional öyrənmə üzrə növbəti onlayn təlim keçirilib.
Təlim zamanı məktəb psixoloqlarına “Sosial və emosional öyrənmə” (SEL) üzrə apardığı tədqiqatlara görə 2021-ci il CASEL Meri Utne Obrien mükafatının qalibi olmuş amerikalı mütəxəssis R.Keeth Matheny tərəfindən zorakılığa məruz qalmış uşaqların psixoloji xüsusiyyətləri, intihara cəhd etmiş uşaqlarda müşahidə edilən hallar, intihar düşüncəsi olan uşaqlarla aparılan psixo-sosial iş barədə məlumat verilmiş, qrup müzakirələri aparılıb.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən ötən ilin noyabr ayından etibarən həyata keçirilən “Məktəb psixoloqu” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 300-ə yaxın məktəb psixoloqu iştirak edib. Təşkil edilmiş təlimlər zamanı mütəxəssislər tərəfindən psixoloqlara müxtəlif yaş dövrlərinin psixoloji xüsusiyyətləri, çətin tərbiyə olunan uşaqlar, eyni zamanda zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilib, sonda sertifikatlar təqdim olunub.