Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim - mənim hüquqlarım” adlı tədbir keçirilib

1 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim - mənim hüquqlarım” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl uşaqlar Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edən uşaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Tədbirdən öncə uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqları bayram münasibətilə təbrik edib. Dövlət uşaq siyasətindən bəhs edən sədr müavini xüsusilə Prezident cənab İlham Əliyevin bu məsələlərə münasibətinin, uşaqlara olan qayğı və sevgisini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edib.

O, dövlət qurumlarının, eləcə də Dövlət Komitəsinin də öz növbəsində uşaqlar üçün daha yaxşı həyatın təmin olunması, uşaq müdafiə sisteminin daha da gücləndirilməsi istiqamətində çalışdığını bildirib. Eyni zamanda Aynur Sofiyeva uşaqlarla bağlı strategiyanın qarşıya qoyduğu məqsəd və vəzifələr barədə məlumat verib. Həssas təbəqədən olan uşaqlarla bağlı məsələlərin daim diqqət mərkəzində saxlandığını qeyd edən sədr müavini, onların qayğı ilə əhatələnməsi, xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.

Uşaq iştirakçılığı ilə bağlı məqamlara toxunan A.Sofiyeva, bu sahədə müxtəlif layihələrin həyata keçirlidiyini və uşaqların bu tədbirlərdə fəal iştirakının bu işə böyük töhfə olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda o, uşaqlara Zəfər dolu günlərini yaşayan ölkəmizi gələcəkdə daha işıqlı sabahlara, irəliyə aparmaq üçün öz üzərlərində çalışmalarını və daim inkişaf etmələrini tövsiyə edib. Onların sağlam, intellektual, vətənpərvər, öz gücünə inanan, müasir bir gənclər kimi yetişmələrinin önəmini vurğulayıb.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Riyad Vəliyev V Ümumrespublika Forumunun nəticələri və Əlaqələndirmə Şurasının fəaliyyətindən bəhs edib. Eyni zamanda, Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus uşaqların iştirak etdiyini diqqətə çatdırıb.

Şəhid pilot, mayor Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə isə çıxışında qeyd edib ki, bu gün bütün uşaqlar, həmçinin həssas təbəqədən olanlar, şəhid və qazi ailələrinin övladları dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. O, həmçinin məktəblərdə jest dili ilə ünsiyyət dərslərinin keçirilməsi təklifi ilə də çıxış edib.

V Forumun Əlaqələndirmə şurasının üzvü Pəri Əliyeva uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini qeyd edən Pəri Əliyeva istedadlı uşaqların aşkara çıxarılması üçün tədbirlərin təşkil olunması və uşaqların asosialaşması ilə bağlı məsələlərə diqqət çəkib.

Müasir dövrdə inklüziv təhsilin vacibliyini vurğulayan V Forumun Əlaqələndirmə şurasının üzvü Polad Əliyev bildirib ki, inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. O, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün proqramların yaradılması, dərsdənkənar fəaliyəti əks etdirən mərkəzlərin yaradılması təklifi ilə çıxış edib. “Xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur”, deyə əlavə edib.

Daha sona Uşaq Səfirlər Məclisinin sədri Nurlan Cəbrayılzadə Məclisin 1 illik fəaliyətini əks etdirən hesabatı iştirakçıların diqqətinə çatdırıb. Həmçinin Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova tərəfindən Uşaq Səfirlər Məclisinin fəaliyyətini özündə əks etdirən veb saytın təqdimatı baş tutub.

Daha sonra uşaqların hüquqları ilə bağlı onları maraqlandıran məsələlər ətrafında müzakirələr keçirilib, müvafiq tövsiyələr verilib.

Tədbir uşaqların ifasında səsləndirilmiş “Uşaq himni”nin təqdimatı ilə yekunlaşıb.

Sonda ailə fotosu çəkilib.