Sabunçu rayonunda məişət zorakılığının qarşısının alınması mövzusunda görüş keçirilib
Paylaş:
Sabunçu rayonunda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Komitənin məsul əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Bakı şəhəri üzrə yerli icra hakimiyyətləri başçılarının müavinləri, yerli icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, təhsil, səhiyyə və hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon bələdiyyə sədrləri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. O, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayaraq Sabunçu rayonu üzrə tətbiq olunan yeni pilot layihənin yaxın gələcəkdə digər rayonlarda da tətbiq olunacağını qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova layihə haqqında məlumat verərək bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq ilk dəfə Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başladığını bildirib və
komissiya üzvləri Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərə cəlb olunduğunu qeyd edib.
Daha sonra mövzu üzrə müzakirələr aparılıb və monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumatlar verilib.